KANAL24.AZ
Az Iw En Ru

Tələbələrə yataqxana xərcləri üçün kreditlər veriləcək

"Gələcəkdə tələbələrin yalnız təhsil haqqının ödənilməsi üçün kreditlərin verilməsi nəzərdə tutulmur. Biz bu işləri genişləndirməyi nəzərdə tuturuq. Bu, yataqxana xərcləri də ola bilər".

Bu sözləri “Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud deyib.

O bildirib ki, rayonlardan gələn tələbələrin onların təhsil haqqından əlavə, yaşama yerləri ilə bağlı da çox problemləri olur: “Bu məsələyə baxılacaq. Yaxın gələcəkdə onlara hansısa tədqiqat, araşdırma işlərində də kömək edilə bilər. Bu gün bakalavr səviyyəsi üzrə kreditlər verilir. Amma digər təhsil dərəcələrinə görə kreditlərin verilməsi də mümkün olacaq. Təbii ki, strateji planlara görə hansısa ixtisaslar üzrə də prioritetlər qoyula bilər".

R.Mahmud onu da vurğulayıb ki, təhsil kreditin verilməsi üçün fond tərəfindən iki pilləli seçim meyarları müəyyənləşdirilib: "Ümumi tələblər və hər bir sessiya üçün xüsusi tələblər müəyyən olunur. Kredit alan tələbə Azərbaycan vətəndaşı, tərəfdaş universitetlərin tələbələri olmalı, akademik borcu olmamalıdır. Fond öz maliyyə risklərini də qiymətləndirir. Buna görə də meyarlardan biri də valideynin və tələbənin hansısa bankda defolt vəziyyətinin olmamasıdır. Bu, önəmli bir faktordur. İndi təqdim olunan kreditlər üçün tələblərdən biri odur ki, valideynin illik gəliri 10 min manatdan çox olmamalıdır".


20:06 08.02.2017