KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda erkən nikah problemi - Vəziyyət necədir?

Azərbaycanda erkən nikah problemləri ilə bağlı rəqəmlər narahatedici deyil.

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdir müavini Aidə Seyidli azvision.az -a bildirib ki, əvvəlki illərlə müqayisədə erkən nikah hallarında azalma müşahidə olunur.

"Ailə Məcəlləsində nikah yaş həddinin qaldırılması və Cinayət Məcəlləsində dəyişiklərin edilməsi erkən nikahların sayının azalmasına səbəb olub. Nikah yaşı çatmayan, 15-17 yaş arasında qızlar tərəfindən 2011-ci ildə 4392 uşaq dünyaya gəlmişdisə, 2015-ci ildə bu rəqəm 2895 olub. 2016-ci ilin birinci yarısında isə 15-17 yaşlı qızlar tərəfindən 1336 uşaq dünyaya gətirilib".

A.Seyidli bildirib ki, erkən nikaha məcbur edilən qızlar arasında ana və uşaq ölümü hallarının çoxalması, doğulan uşaqlarda problemlərin olması kimi məsələlər önə çıxır: "Özü uşaq yaşda olan analar uşaqlarını necə tərbiyə edəcəklər? Məktəbyaşlı qızların uşaq dünyaya gətirməsi onun təhsildən yayınması deməkdir. Komitə tərəfindən erkən nikahlar, qızların təhsildən yayınması, nikahdan kənar doğum hallarının qarşısının alınması istiqamətində maarifləndirici işlər görülür.

Yerlərdə aidiyyəti qurumlar, ağsaqqallar, ağbirçəklər, nüfuzlu şəxslər tərəfindən cəmiyyətdə bu məsələlərə düzgün münasibət formalaşdırılmalıdır, bu zaman problemin həllində effektiv nəticələrə nail olmaq olar. Məktəb müəllimləri də şagirdləri dərsə gəlmirsə, bu barədə məlumat verilməli, "ailə işi" deyib keçilməməlidirlər. Bu gün ucqar rayon kəndlərimizdə erkən nikah hallarına daha tez-tez rast gəlinir. Bu da insanların məlumatsız olmasından irəli gəlir". 

Erkən nikah faktları ilə bağlı Komitəyə müraciətlərin daxil olduğunu deyən Aidə Seyidli bildirib ki, bu müraciətlər araşdırılır, müvafiq tədbirlər görülür və aradan qaldırılması istiqamətində işlər həyata keçirilir.


22:10 06.02.2017