KANAL24.AZ
Az Iw En Ru

Elmar Məmmədyarov: Ermənistanın təxribatçı əməlləri danışıqlar prosesinə xələl gətirmək məqsədi güdür

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşaya işgüzar səfəri çərçivəsində bu gün Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi və ATƏT Minsk qrupunun qarşıdan gələn dövr üçün nəzərdə tutulmuş fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov Ermənistanın təxribatçı əməllərinə diqqəti çəkərək bunların danışıqlar prosesinə xələl gətirmək məqsədi güddüyünü bildirib.

Münaqişənin həllinə dair Azərbaycanın mövqeyini bir daha vurğulayan nazir, ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.

Görüş əsnasında Ermənistan tərəfindən girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsi ATƏT Minsk qrupunun həmsədrləri qarşısında qaldırılıb.


02:22 28.01.2015