KANAL24.AZ
Az Iw En Ru

Dünyanın nizamı bu şəxslərin üzərində qurulub

 
“Biz Yaqba elm verdik. Lakin insanların əksəriyyəti bunu bilməz”. “Yusif” surəsi, 68-ci ayə. 
 
Elm zahiri və batini olmaqla  iki qrupa bölünür. Zahiri elm məktəblərdə oxumaqla mənimsənilir. Batini elm isə, elmi-lədun adlanır və tək oxumaqla əldə edilə bilməyən, hisslə, duyumla öyrənilən bir elmdir. “Lədun” sözü ərəbcə “dərin qat” mənasını verməklə, elmin dərin qatlarına işarədir. Vaxtilə peyğəmbərlər, imamlar və digər kəramət sahibləri bu cür elmə malik olublar və sirlər üzərindən pərdələri məhz bu elmlə qaldırıblar. 
 
Böyük Alim Deyləmi bu barədə: “Elmi-lədun Allah-Təalanın sirlərindən bir sirdir. Onun hökmlərindən bir hökmdür. Dilədiyi qulunun qəlbinə salar” – demişdir.
 
“Quran”da bu barədə belə bir ayə vardır:
 
“Allah istədiyi şəxsə hikmət (elm, mərifət, kəramət) bəxş edər. Kimə hikmət bəxş olunmuşsa, ona çoxlu xeyir (əbədi səadət) bəxş olunmuşdur”.
 
İnsan həyatda gözəl işlər, gözəl əməllərlə məşğul olduqca və “Quran” ədəbi, “Quran” əxlaqı ilə yaşadıqca, onun nuru artır və Allaha başqalarından daha yaxın olur. Yaxın olduqca da duaları daha tez qəbul edilir. Belə şəxsləri Rəbbim “Quran”da vəliyullah, həbibullah, övliyaüllah adlandırır ki, dilimizə tərcüməsi Allahın vəlisi, dostu, həbibi mənasını verir. Belə şəxslər xalq arasında əsasən kəramət sahibləri kimi tanınırlar. Həm kişilər, həm də qadınlar arasında rast gəlinən bu cür şəxslər mərifət elminə sahib olurlar.
 
Lədun elminə bəzi alimlər mərifətullah elmi də deyirlər. “Sülük-ül-Uləma” adlı əsərdə keçən bir hədisi-şərifdə: “Elmlərdən elələri vardır ki, onları ancaq mərifətullaha sahib olanlar bilirlər. Onlar bu elmlərdən xəbər verdikləri zaman mərifətullaha sahib olmayanlardan başqası onları inkar etməz” - buyrulmuşdur.
 
Bütün bu deyilənlərdən belə qənaət hasil olur ki, elmi-lədun kəramətin özülünü təşkil edir. Kəramət isə, iki cür olur:
 
1. Hissi və maddi kəramət. Buna misal olaraq uzun məsafəni qısa zamanda qət etmə, az qidanı çoxaltma, su üzərində yerimə, odda yanmamaq kimi kəramətləri göstərmək olar.
Allah dostları bu cür kəramətlərə çox da önəm verməz və onu daim cəmiyyətdən gizlətməyə çalışarlar. Bütün bunların Allahın imtahanı olmasından qorxarlar.
 
2. Mənəvi və həqiqi kəramət. Bu kəramətlər elm, ürfan, səxavət, mərifət və əxlaqla əlaqəli kəramətlərdir. Bir insan pis, xoşagəlməz bir halından imtina edərək, gözəl və hamının bəyəndiyi bir hala gələrsə, ən böyük kəramət budur. Həqiqi kəramət elmdə, ürfanda, əxlaqda, ibadətdə, itaətdə, əməldə, ədəbdə və insanlıqda göstərilən üstün nümunələr, fəzilətlərdir.
 
Həqiqi Allah dostları elm, ürfan və əxlaq vasitəsiylə baş verən dəyişiklikləri, irəliləmələri və yüksəlişləri gerçək kəramətlər olaraq qəbul etmişlər.
 
Hissi və maddi kəramətlərə isə, çox da önəm verməmişlər. Bir şeyxin və yaxud seyidin göstərdiyi ən böyük kəramət bir kafirin mömin olmasına, bir günahkarın pis əxlaqdan nəfsini tərbiyə etməsinə vəsilə və vasitə olmasıdır. Hissi və maddi kəramətə isə, bütün çarələr tükəndikdə, əlac kəsildikdə baş vurmuşlar.
 
Kəramət sahiblərindən (Allah dostlarından) bir qisminin vəzifəsi insanları irşad etmək, doğru yola yönəltmək olduğu halda, digər qismi də vardır ki, onların vəzifəsi insanlara yardım etmək, xidmət göstərməkdir.
 
Allahın sevimli qulları olan bu şəxslərin dünyanın nizamı (düzəni) ilə görəvli olduqlarını bir kəs bilməz (dərk etməz). Bunlardan biri vəfat etdikdə yerinə digəri təyin olunar, bu vəzifə ilə görəvləndirilər. Onlar irşad əhli, yəni insanlara doğru yol göstərən vəlilərdən olmayıb, ancaq maddi yardımlarda bulunarlar. Yer üzündə bunların sayının bəzi alimlər yeddi, bəziləri qırx, bəzi alimlər isə yetmiş olduğunu söyləmişlər. 
 
Fəxri-Kainat Peyğəmbərimiz onlar haqqında bir hədisində buyurmuşdur: 
 
"Ümmətim arasında hər zaman 40 kişi bulunur. Bunların qəlbləri İbrahimin (ə) qəlbi kimidir. Allah-təala onlar səbəbi ilə qullarından bəlaları götürər. Bu zatlara ebdal deyilir. (“Ebdal” - təsəvvüfdə yüksək məqam - P. Y.) Onlar bu mərtəbəyə namaz və orucla yetişmədilər".
 
Abdullah ibn Məsud: "Ya Rəsulallah! Nə ilə bu dərəcəyə çatdılar?" - deyə soruşdu. "Comərdliklə və müsəlmanlara nəsihət etməklə yetişdilər" - deyə, buyurdu. 
 
Oxucuların diqqətini bir məqama da cəlb etmək istəyirik ki,  Övliyalıqda yüksək dərəcələrə çatmış elmi-lədun sahiblərindən bir qisminə də “Qütb” və ya bunun sinonimi olan “Aktab” adı verilir.
 
Qütb-ül-aktab - aləmin nizamı ilə əlaqələnən, bolluq-qıtlıq, barış-savaş, sağlamlıq-xəstəlik, ruzi, yağmur və buna bənzər olaylarla görəvləndirilən, rical-i qeybdən yəni hər kəsin tanımadığı (kəşf etmədiyi) Allah adamı olub, əmrində üçlər, yeddilər, qırxlar deyə söylənən yenə bu işlərlə vəzifəli seçilmiş insanların olduğu böyük vəlilərdir. 
 
Böyük alim İmam Rəbbaninin bildirdiyinə görə, Qütb-ül-ebdal (və ya Qütb-ül-medar) deyilən bu zat hər zaman bulunur. Fəqət bunlara inziva (insanlar arasına qarışmamaq) lazımdır. Bunları hər kəs tanımaz (dərk etməz). Hətta, bunlardan bəziləri özü-özünü belə tanımaz (dərk etməz). 
 
Yenə İmam Rəbbani həzrətləri buyurur: “Qütb-ül-medar - aləmdə, dünyada hər şeyin var olması və yaşaya bilməsi üçün feyz (həyat eşqi) gəlməsinə vasitə olur. Hər şeyin yaradılması, ruzilərin göndərilməsi, dərdlərin, bəlaların götürülməsi, xəstələrin şəfa tapması Qütb-ül-ebdal və ya Qütb-ül-medar deyilən zatın feyzləri ilə olur.
 
İman sahibi olmaq, hidayətə qovuşmaq, ibadət etmək, tövbə etmək isə, Qütb-ül-irşadın feyzləri  ilə olur. 
 
Qütb-ül-ebdalın (Qütb-ül-medarın) hər zamanda, hər əsrdə bulunması lazımdır. Aləmin ondan boş qalması mümkün deyildir. Çünkü, aləmin nizamı ona bağlı yaradılmışdır. Əgər bu qütblərdən biri vəfat edərsə, yerinə başqası təyin edilir.
 
İrşad qütbü isə, belə deyildir. Çünkü, aləmin rüşd, hidayət və imandan boş olduğu zamanlar olur.
 
Qızıl satan müştərini çağırmaz 
 
O ki, qaldı bu cür şəxslərin cəmiyyətdə niyə tanınmamasına (dərk edilməməsinə), qeyd edək ki, bu kateqoriyadan olan insanlar (Allah dostları) özlərini reklam etməzlər. Bunu qızıl satanla da müqayisə etmək olar. Belə ki, bazara girərkən bütün satıcıların “xiyar”, “pomidor”, “kartof”...  deyə qışqıraraq müştəri çağırdığını eşidərik. Bazarda olan qızıl satanın isə, heç vaxt qışqırıb müştəri çağırdığını eşidən olmayıb. Əksinə, qızılı həm satan, həm də alan pünhanlığı sevər.
 
Kəramət sahibləri də qızıl satana bənzəyirlər - heç vaxt kəramətli olduqlarını etiraf etməzlər.(Paşa Yaqub)

03:38 23.01.2017