KANAL24.AZ
Az Iw En Ru

Opera müğənnisi Lütfiyar İmanovun anım günüdür

 Bu gün Azərbaycanın opera müğənnisi Lütfiyar İmanovun anım günüdür.

Lütfiyar İmanov 1929-cu il aprelin 17-də Sabirabadda anadan olub.

O, ilk rolunu 1943-cü ildə Sabirabad Dövlət Musiqi Teatrının səhnəsində "5 manatlıq gəlin" tamaşasında oynayıb. 18 yaşında ilk dram dərnəyini yaradıb. 1957-ci ildə A.Milovanovun sinfində musiqi təhsilini bitirib və Dövlət Estrada Orkestrində, daha sonra isə Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb.

1959-cu ildə Moskvada tamaşaya qoyulan Koroğlu operasında baş rolu – Koroğlu rolunu oynayıb. 1968-ci ildə İncəsənət Universitetini bitirib və bundan sonra 30-dan çox operada baş rolun ifaçısı olub. 1975-ci ildə 6 ay İtaliyanın Milan şəhərində, La-Skala teatrında təcrübə keçib.

1991-1995-ci illərdə İstanbul və İzmir şəhərlərinin opera teatrlarında vokal dərsləri verib. 1995-ci ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yubileyi münasibətilə Tehranda keçirilən festivalda, 1996-cı ildə İtaliyada Vivaldinin xatirəsinə həsr edilən konsertdə, Almaniyada "Milleniumun mahnısı" festivalında çıxış edib. "Karmen", "Faust", "Otello", "Trubador", "Aida", "Riqoletto" və s. klassik opera əsərlərində rollar oynayıb. Uzun müddət Bakı Musiqi Akademiyasında müəllim-professor kimi çalışıb. 1980-1990-cı illərdə iki dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

İki övlad atası olan böyük sənətkar 21 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat edib.


04:44 22.01.2017