KANAL24 ONLINE TV
Az Iw En Ru

İnsanın mənəvi təkamülünü şərtləndirən 3 hal

Bismilləhir-Rahmənir-Rahim!

 

 
İnsan həyatında ən önəmli mövzulardan biri, onu əhatə edən nemətləri tanımasıdır. İnsanlar iki qrupa bölünür. Hər birimiz bu iki qrupdan birinə aid ola bilərik. Əhatə olunduğumuz nemətləri tanıyan və bu nemətləri tanımayan və ya bu nemətlərdən qəflət edən insanlar.
 
 
Hər tərəfdən nemətlərlə əhatə olunmuşuq
 
İslam əxlaq nəzəriyyəsi nemətləri tanımanı təkamül üçün zəruri şərt bilir. İnsanın özünü islahı, özünü düzəltməsi, qaydaya salması üçün nemətləri tanıması və bu nemətləri Rəbbin insana bəxş etməsinin fərqində olması çox mühümdür. Bizlər dünyaya gələndən, hətta ana bətnində olduğumuz zamandan nemətlərlə əhatə olunuruq. Bir kiçik zərrədən, birhüceyrəli varlıqdan təkamül edə-edə bu dünyaya qədəm qoyuruq. Ana bətnində fövqəladə nemətlər əhatəsində oluruq. Bizim hələ heç bir iradəmiz işə düşmədən, Allah Təala bizləri bu qədər böyük nemətlərlə əhatə edir. 
 
Dünyaya gəlirik və dünyaya gələn kimi yaşamağımız üçün lazım olan bütün nemətlər ixtiyarımızda olur. Hava neməti, aclıq hissi neməti, aclığımızı ödəyə biləcək qida neməti... Sonra böyüyürük, bir gün, bir həftə, bir ay, bir neçə ay... Sonra oturmağı öyrənirik, addım atmağı öyrənirik, yeriməyi öyrənirik, danışmağı öyrənirik, fikrimizi ifadə edə bilirik, başa düşə bilirik. Bunların hamısı böyük nemətlərdir. Valideyin neməti, övlad neməti, ev neməti, əmin-amanlıq neməti, növbənöv nemətlər var və biz onların əhatəsindəyik.
 
Zahiri və batini nemətlər
 
Əxlaq mütəxəssisləri bizləri əhatə edən nemətləri iki qrupa bölürlər: zahiri və batini nemətlər. Zahiri nemətlər o nemətlərdir ki, bizim fiziki varlığımızla, bədənimizlə bağlıdır. Batini nemətlər o nemətlərdir ki, onlar bizim ruhumuzla, mənəviyyatımızla bağlıdır. Bu mövzuda müxtəlif buyuruşlara, hədislərə diqqət edəndə görürük ki, yerinə görə bizlərə ən üstün nemətlər təqdim olunur. Bunların içərisində Həzrət Əlinin (ə) zahiri nemətlərlə bağlı buyuruşuna diqqət edək: “Ən üstün nemət - sağlamlıqdır”. 
 
Belə başa düşülür ki, zahiri nemətlərin içərisində ən üstün nemət - sağlamlıqdır. Əgər sağlamlıq olmasa, fiziki nemətlərin heç birindən bəhrə apara bilməyəcəyik. Bəlkə də yemək yeyəcəyik, amma dadını hiss etməyəcəyik, hərəkət edəcəyik, halımız olmayacaq, fiziki anlamda ixtiyarımızda nə varsa, onlardan istifadə etmək istəyəcəyik, amma alınmayacaq. Deməli, sağlamlıq neməti fövqəl dərəcədə böyük bir nemətdir. Yeniyetmələr, cavanlar ona daha çox malik olarlar, elə bilərlər ki, elə belə də olmalıdır, bu nemətin fərqinə varmazlar. Adam yaşlandıqca yavaş-yavaş bu sağlamlıq nemətinin nə qədər əhəmiyyətli olmasının fərqinə varar və anlayar ki, bunlar əldən çıxa da bilər. Ona görə də, sağlamlıq fövqəl dərəcədə önəmli nemətdir.
 
Ən böyük batini nemət nədir?
 
Batini nemətlərin içərisində əxlaq mütəxəssisləri xüsusən ağıla vurğu edir. Buyuruşlarda da var ki, ağıl - ən fəzilətli nemətdir. Yəni biz bütün mənəvi nemətləri, ruhumuzla bağlı nemətləri əgər dəyərləndirsək, görəcəyik ki, əgər ağıl neməti bizdə olsa - mükəlləf olarıq, ağıl olmasa - təbii ki, mükəlləf olmarıq. Ağlımız olmasa, bizlər digər mənəvi nemətlərdən bəhrə apara bilmərik, əxlaqi nemətlərdən faydalana bilmərik, iradəvi nemətlərdən doğru-dürüst istifadə edə bilmərik. 
 
Ağıl olanda mükəlləfiyyətlərimiz, vəzifələrimiz meydana gəlir. Namaz o zaman vacib olur ki, insanın ağlı yerində olsun. Digər vacib əməllər də o cürdür. Ağıl olmasa, bizlər üçün heç bir mənəvi mövzu, fəzilət mövcud olmaz. 
 
Deməli, ağıl bizlərin malik ola biləcəyimiz batini nemətlər içərisində ən üstün olandır. Bu, digər mənəvi nemətlərin sanki bir müqəddiməsidir.
 
İmam Sadiq (ə) ən böyük neməti bizə belə tanıdır
 
İnsan bütün nemətlərin hamısını toparlasa, bunların içərisində ən ali və ən üstününü, Allah bəndəsinə verilə biləcək ən fəzilətli olanını ayırd etmək istəsə, hansını seçəcək? İmam Sadiq (ə) bizə həmin neməti tanıdır. İmam (ə) buyurur: “Allah Təala heç bir bəndəsinə qəlbində Allahla yanaşı heç bir şeyin olmamasından daha üstün nemət inayət etməmişdir”. 
 
Ən böyük nemət budur ki, insanın qəlbində Allahdan başqa heç bir şey olmasın. Ən böyük nemət məhz budur. Həzrət İmam Hüseyn (ə) dualarının birində buyurur: “Allahım, Sən o Allahsan ki, dostlarının qəlbindən qeyrilərini kənarlaşdırmısan, çıxarmısan, orayadək ki, Səndən başqasını sevməsinlər. Və o kəsin ki, Sən varısan, nəyi yoxdur ki?” 
 
Həzrət İmam Hüseyn (ə) Allah Təalaya müraciətində bəyan edir ki, O, öz dostlarının qəlbindən Özündən qeyrisini kənarlaşdırıb. Bununla da onlar yalnız Allahı sevirlər. Bu buyuruşdan başa düşülür ki, insan əgər mənəvi təkamül keçərək Allahın dostu olmaq şərəfinə çatsa, Allah Təala ona qəlbindən Öz sevgisindən başqa digər hər şeyi uzaqlaşdırmaq nemətini o bəndəyə əta edər. Ən böyük nemət əslində budur. Bundan daha böyük nemət yoxdur ki, insanın qəlbində Allahdan başqa heç nə və heç kəs olmasın.
 
Nemətlərə və onları əta edənə mərifətdən sonra insanın üç halı
 
İslam əxlaqında nemətlərlə bağlı əxlaqi təkamül üçün üç xüsusi vurğu var. Əgər insan nemətləri və nemətləri əta edən Rəbbi tanısa, onun təkamülü, inkişafı üçün lazım olan üç mühüm mənəvi halı meydana çıxar. Bunlardan biri indiyə qədər olan nemətlərlə bağlıdır, ikisi gələcəkdəki nemətlərlə bağlıdır. Əgər insan dünyaya gələndən bu ana qədər malik olduğu saysız-hesabsız bütün nemətləri ona Rəbbinin verdiyini bilsə, fərqinə varsa, mərifəti olsa, onun daxilində bir mənəvi hal meydana gələr ki, onun adı şükürdür. 
İnsanın daxilində mövcud olan zəruri bir qayda var. İnsan kimdənsə nəyisə alsa, ona kimsə nəsə etsə, həmin insanın o kəsə qarşı bir təşəkkür hissi olar. Adi bir yolda iki maşın kəsişir, bir maşın digərinə yol verir. Keçən maşının sürücüsündə, ona yol verən maşının sürücüsünə qarşı daxilində bir minnətdarlıq hissi əmələ gəlir və ona bir formada öz minnətdarlığını çatdırmaq istəyir. Təşəkkür edilən şəxs də qarşı tərəfin təşəkküründən təəccüblənmir. Bu, insanların daxilində qoyulmuş fitri bir qaydadır. 
 
Deməli, əgər insan bu ana qədər ona verilmiş bu qədər nemətlərin Allah tərəfindən əta olunduğunu mərifətlə bilsə, içində Xaliqə qarşı bir minnətdarlıq hissi, şükür halı baş qaldırar. Bu, namazında, davranışlarında, əməllərində özünü göstərər. Təbii ki, bu tanıması, bilgisi, mərifəti diri halda olmalıdır. Biz necə bir dəqiqə internetsiz qala bilmirik, telefonumuz olmayanda özümüzü narahat hiss edirik, o cür də bizim Allahın nemət verən olmasına bilgimiz, mərifətimiz diri, aktiv olsa, bu halda bizim içimizdə minnətdarlıq, şükür etmək halı da diri olar. O halda əməllərimiz, rəftarlarımız, davranışlarımız fövqəladə dəyişər. 
 
Bir nəfər bir gün ayıla ki, universitetdə bütün təhsil haqqını bir nəfər ödəyib. Və o bilməyib, onun üçün ev də kirayələyiblər, yaşayışı üçün lazım olan hər şeyi hazır ediblər. Bir gün bunu başa düşsə və bilsə ki, bir kəs bunların hamısını onun üçün edib, o adama necə təşəkkür etmək istəyər?
 
İndi bunları edən, bütün bunları olanlardan edib, özü onları yaratmayıb. Amma Allah Təala o insanın özünü və onun təminatı üçün bütün olanların hamısını var edib və etməkdədir. 
İnsanın bu mərifət və tanması diri olsa, bu nemətləri verənə şükür halının olması üçün fürsət axtarar. İbadətində, əməllərində bu hiss təzahür tapar, nemətlər ixtiyarında olanda o, başqa cür halda olar.
 
Gələcək nemətlərlə bağlı iki hal: xof və rəca
 
İnsanın iki mühüm halı da gələcək nemətlərlə bağlıdır. Bunlardan biri xof, digəri rəca halıdır. Xof - o halətdir ki, insan biləndə ki, Allah Təala onun davranışları, büdrəmələri, yanlışları, xətalarının nəticəsində bir gün ona verilmiş nemətlərdən məhrum edə bilər, xüsusi bir qorxu halı keçirir. “Kumeyl”duasında oxuyuruq: “Allahım, bağışla mənim o günahlarımı ki, mənim üçün ayrılan ruziləri dəyişdirir. Allahım, bağışla bizim o günahlarımızı ki, dualarımızı həbs edir”. 
 
Allah Təala bizim üçün nemətlər, ruzilər ayırır, amma biz bəzi əməllər edirik ki, həmin əməllər o ruzini dəyişdirir, məhrum oluruq. Allah Təala bizlərin dualarını eşitmək istəyir, müstəcab etmək istəyir, amma bizim bəzi əməllərimiz olur ki, o əməllər dualarımızın həbs olmasına səbəb olur. Deməli, bizlərin bəzi əməlləri, davranışları, xətaları olur ki, onlar bizim üçün ayrılan nemətləri yox edə, aradan apara bilər. Aqibətdə də həmin nemətlərdən əbədi məhrum qala bilərik. İnsan bunu bilsə ki, Allah Təala bizim əməllərimizin nəticəsində ayırdığı nemətlərdən məhrum etməyə qadirdir, xofumuz, qorxumuz meydana gələr. Ən böyük qorxumuz, xofumuz isə ondan olar ki, verilmiş və verilə biləcək nemətlərdən əbədi məhrum ola bilərik, bu dünyadan sonra əbədi cəhənnəmi qazanmış ola bilərik.
 
Bu bilgi, mərifət, tanıma insanda dərin bir xof hissi yaradar. İnsan artıq əvvəlki kimi rahat deyil, diqqətlə, ehtiyatla yaşamağa başlayar. Ehtiyat edər ki, elə bir iş tutar ki, bu qədər nemətlərdən məhrum olar. Buna xof haləti deyilir.
 
İnsanda gələcək nemətlərlə bağlı meydana gələn üçüncü mənəvi halət isə rəca halıdır. İnsan bilir ki, bu nemətləri verən Allah var, bilir də ki, davamı da yalnız O verə bilər. Bilir ki, axirətdə əbədi nemətlər verməyə qadirdir. Bu bilginin, tanımanın, mərifətin diri olması insanda fəal rəca, ümid halı yaradar. Əməllərə təsir qoyan bir hal meydana gətirər. İnsan elə bir əməllərə sahib olmaq istəyər ki, bu gün malik olduğu nemətlərə yenə də malik olsun, hətta həmin nemətlər artmış olsun.
 
Bu üç hal birlikdə olmalıdır
 
Deməli, bizim mənəvi təkamülümüz üçün üç mühüm halət var: şükür, xof və rəca haləti. Birincisi budur ki, bu ana qədər nə varsa, onların Allah tərəfindən verildiyini bilirik, bu bilgimiz diri olur və daxilimizdən şükür halı meydana gəlir və bu, əməllərimizə təsir edir. 
İkincisi, bilirik ki, Allah Təala verdiyi bütün nemətlərdən bizi məhrum edə bilər və əbədi məhrum ola bilərik, buna görə də xofumuz meydana gələr, əməllərimizə diqqətli olarıq.
Üçüncüsü, ümidimiz var ki, bizlər əgər yaxşı əməl sahibi olsaq, Allah Təala malik olduğumuzu davamlı şəkildə əta edər və artırar, yaxşı əməllər etməyə çalışarıq ki, bu nemətlərə əbədi olaraq yiyələnək. 
 
Mömin odur ki, bu üç halı bir yerdə olsun
 
Əgər bəhsi bir cümlədə xülasələndirsək, deyə bilərik ki, bizlər gərək fəal şəkildə əlimizdə olan nemətlərə görə şükür edək, onların hər an əməllərimizin nəticəsində əlimizdən çıxa biləcəyi xofu ilə yaşayaq və daha gözəl əməllər etməklə, onlara əbədi malik ola biləcəyimizi dərk edək. Əgər bu halda ola bilsək, mənəvi təkamülümüz başlanar və bununla ən ali zirvələrə yiyələnə bilərik.
 
Allahım, bizlərə bəxş etdiyin nemətlərin şükrünü lazımi şəkildə həyata keçirməyi nəsib et!
Allahım, bizləri nemətləri bizdən uzaqlaşdıran əməlləri etməyə qoyma! 
Allahım, bizləri əbədi nemətlərə yaxınlaşdıran əməllərə yaxın et! Amin!

10:27 30.12.2016