KANAL24.AZ
Az Iw En Ru

TÜRKİYƏ: İŞİD GƏLƏN TƏRƏFƏ,YOXSA,İT HÜRƏN?

“Heç kəs rəsmi Ankaranı qınaya bilməz”.

 

Kanal24.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Zahid Oruc öz Feysbuk səhifəsində çıxış edib. O, türk kəşfiyyatını Qərb xəfiyyələrindən daha az peşəkar olmaqda günahlandırmağın doğru olmadığını bildirib:

 

49 diplomatın girovluqdan azad olunmasını Türkiyəyə bağışlamadılar.Cəmi 4-5 jurnalistin muzdlu ordu əlinə keçməsi ilə Amerikanın və Britaniyanın əleyhinə düzənlənən açıq başkəsmə əməliyyatından fərqli olaraq rəsmi Ankara bütün resurslarını işə salıb vətəndaşlarını terrorçuların əlindən almağı bacardı.Onları nəyin müqabilində azad etdilər-bu artıq ikinci məsələdir.

Lakin buna görə heç kəs rəsmi Ankaranı qınaya bilməz. Yaxud,Qərbin kəşfiyyat qüvvələrini türk İstiqabaratından daha az peşəkarlıqda ittiham eləmək də yanlışdır.Şübhə yoxdur ki,bütün Qərb xəfiyyəsi ötən illər ərzində himayə etdiyi terror şəbəkələrin əli ilə digər qrupların başçılarına çıxış kanallarını əldə saxlayırlar. Lakin hazırkı terror ideologiyasının bir ayrı fəlsəfəsi var.İŞİD həqiqətən real dövlətə çevrilməyin planlarına malikdir.Onlar hüquq-mühafizə sistemi,şəriət məhkəməsi və güc orqanlarına qədər geniş bir planda gələcək yeni bir İrakın xəritəsi ilə hərəkət edirlər.Bu isə Yaxın Şərqdə uzun illər qeyri-sabitliyin baiskarı olmuş qüvvələrə qarşı barışmaz olmağı hər kəsdən tələb edir.

İndi sual olunur-əjdahanın başını kim kəsməlidir?40 dövlətin koalisiyası Fransada təsis olunarkən,məsələn,Kemeron bəyan etdi ki,qısa müddət ərzində Britaniya parlamentindən İŞİD-a qarşı əməliyyatlara görə icazə istəyəcək.İcmalar Palatası 524 deputatın səsi ilə ona belə bir imkanı tanıdı.Lakin heç kəs indi Türkiyənin üzərinə gedilən tövrlə ingilisləri siyasi güncə sıxmadı ki,nədən quru qoşunlarını İraka göndərmirsən?

İndi Amerika administrasiyası rəsmi Ankaranın davranışlarını müttəfiqlik prinsiplərinə,eləcə də dünyanın təhlükəsizliyinə zərbə sayır.İŞİDi maliyyələşdirməkdə,ona silah və əsgəri güclərlə yardım göstərməkdə ittiham olunan Ərdoğandan “müsəlman dünyasının lideri olmaq istəyirsənsə,NATO-ya baxmadan qoşunlarını sərhəddə gözləmə mövqeyindən çıxar və terrora qarşı savaşa gir” deyə bütün infromasiya silahlarını ona qarşı yönəldiblər.İki gün öncə NyuYork Times qəzeti türk prezidentini suçlandırarkən onu Kobaninin tam təslim olarsa,İslam dövlətinin uzun müddətə yaşamaq imkanı qazanacağında günahlandırıb. Üstəlik,Co Baydenin həqiqəti söyləyib sonradan üzrxahlıq etməsini siyasi gediş sayanlar da az deyil.
Yəni, əvvəlcə Türkiyəni beynəlxalq ictimaiyyətin gözündə diskreditasiya edərək İŞİDin varlığını ona bağlayırsan,sonra gizli anlaşma ilə onu təkbaşına İraka girməyə məcbur edirsən.Siyasi unikallığına görə qeyri-adiliyi ilə seçilən bu taktikanın şantaj hissəsi də Kürd amilidir ki,faktiki olaraq hər zaman Türkiyəyə qarşı təzyiqin əsas silahı olaraq qalır.

Türkiyənin beynalxalq təklənməsi və Qərblə fikir ayrılığına günlər öncə ənənəvi rəqibi Almaniya da qoşulub.Bundestaq önündə hərəkətlənən kürd etirazlarından,eləcə də Hamburqda Kobaniya dəstək üçün ayağa qalxan aksiyaçıların sələfilərlə toqquşmasından hiddətlənən xanım Kansler bəyan edib ki,O,Türkiyənin davranışlarından narazıdır və kürd-türk qarşıdurmasının onun ölkəsinə keçə biləcəyindən narahatdır. Aydın məsələdir ki,bu açıq hədədir.Özü də yeni məsələ deyil.Merkel türk siyasi elitasını etnik-milli zəmindəki ziddiyətlərlə təhdid edərkən,ona işarə vurur ki,Almaniyada yaşayan 3 milyona qədər türkü bütün beynəalxalq normalara rəğmən rəsmi Ankaranın addımlarına təsir üçün ayağa qaldıra,yaxud onları müxtəlif sanksiyalara məruz qoya bilər.Onsuz da 1.6 milyon köçkünün humanitar yükü altında qalan bir ölkəyə əlavə başağrıları lazımdırmı?

Elə isə rəsmi Berlinin Yaxın Şərqdəki sabitlikdə rolu nədən ibarətdir?Onlar cəmi 72 milyon avro vəsait və 200-ə qədər hərbi təlimçi ayıraraq kürd peşmərgələrini terrorla müharibəyə hazırlamaqla işlərini bitmiş sayırlar.Halbuki bu addım real təhlükəni zərərsizləşdirmək üçün heç bir səmərəyə malik deyil.Üstəlik,məqsəd aydındır-almanlar gələcəkdə kürdlərin mübarizəsinə hərbi yardımın rəsmi bazisini formalaşdırmaqla məşğuldurlar.Dəmir Bismarkdan daha uzaqgörən olan indiki alman rəhbərin çevrəsindəki siyasi strateqlər Yaxın Şərqin sabahını belə görürlər.

Türkiyəni Avropa sanksiyalarında qarşısında görməyən və Yaxın Şərq planını Ukrayna ilə sinxronlaşdıran Rusiya da narazılığını dilə gətirərək,Suriyada hərbi əməliyyatlara qərar vermiş Böyük Millət Məclisini təkbaşına hərəkət etməkdən əl çəkməyə,BMT nizamnaməsinə uyğun hərəkət etməyə çağırıb.Ruslar Əsəd hakimiyyətinə münasibətdə Qərbin yanında olan hər kəsi özünə düşmən görür.Çünki körfəzə və ərəb dünyasına nəzarətə imkan verən strateji bölgəni heç kəs itirmək istəmir.

İranda isə Kobanıyə dəstək hərəkatı işə salınıb.Bu o deməkdir ki,Türkiyə daha mürəkkəb bir maraqların episentrinə düşüb.Onu öz iradəsi ziddinə və sonu görünməyən müharibəyə sürükləmək istəyənlərlə,çoxdan regiondakı qüvvələr nisbətinin dəyişməsini arzulayanların mənafeyi üz-üzə gəlib.Qərb ona İŞİDi vurmağı əmr edərkən,Şərq başqa hesabların peşindədir.Ərdoğan isə bütün əvvəlki illərdən daha böyük siyasi dözüm nümayiş etdirərək sərhədlərinə doğru irəliləyən təhlükəyə Silahlı qüvvələrini “sıfır” nöqtəsinə yığmaqla cavab verib və zorən münaqişəyə cəlb olunmamaq üçün beynəlxalq avantüranı düzgün dəyərləndiri,terror qruplarının qarşısına çıxacaq dairələrin geniş koalsiyası qurulmadan hərəkət etməyəcəyini dilə gətirir.Türk emosiannılığından və şərq temperamentindən hər zaman zülüm çəkib.Bu dəfə isə əsil qərbli soyuqqanlığını ortaya qoyulur və təqdirəlayiq hadisədir.

Təhlillər göstərir ki,Türkiyə üzərinə yönələn xarici həmlələr və zəhərli ilanı onların əli ilə tutmaq siyasəti uzaq hədəflərə yönələn planın tərkib hissəsidir.Sirr deyil ki,islamın ortodoksal modeli hər zaman dini ekstremizmə səbəb olacaq,fanatik və cahil kütlələrin Xilafət quruculuğundakı başlıca silahı kimi qalacaqdır.Lakin uzun müddət idi ki,bir çoxlarında ilımlı islamın dünyaya ziyan vumadığına,onun dövlətə daşınmasının təhlükəsizliyinə əmin olan dairələr vardı.Bunların da ən yaxşı nümunəsi AK partinin timsalında on ildən artıqdır ki,Türkiyəni yönləndirən qüvvələr hesab olunurdu.Hətta ərəb inqilabı dalğası fonunda Misirə bu modeli tətbiq etməyə çalışdılar ki,islam demokratiya ilə uzlaşma nöqtələrini taparaq müxtəlif müsəlman ölkələrindəki posdiktatura dövrünün sabitlik planına çevrilsin.İndi isə Qərb çalışır ki,faktiki olaraq bütün zərbələrini məhz müsəlmanların başına vursun. Çünki ağılsız və avtoritar rejimlər kimi uzun müddət himayə etdikləri hakimiyyətlərin nəzarəti altında olan impulsiv,savadsız, lakin varlı millətləri islah etməyin başqa yolunu tapa bilmirlər. Lakin Türkiyədə yaxşı bilirlər-İŞİDa qarşı hərbi əməliyyatlara girilsə,əbədi olaraq o bataqlıqdan çıxmaq mümkün olmayacaq. Türkiyə bir terrorun çəngindən qurtulmamış ərəb xəlifəliyi idddiası ilə İslamı dövlətə daşıyan,olsun ki,silahla “sünnü yürüşü”nü həyata keçirmək istəyənlərin ideyalarını yerindəcə boğarsa,gələcəkdə bunun bədəllini ödəyəcəkdir.Qoy,Yaxın Şərqdə xaosu idarə edənlər özləri savaşın ön cəbhəsinə keçsinlər.

Təəssüf ki,ölkə daxilində milli birlik-siyasi həmrəylik nümayişinə bütün dövrlərdən daha çox ehtiyac duyulduğu bir vaxtda əsil xəyanət yolunu tutanlar da oldu.Kılıcdaroğlunun davranışları siyasi məğlubiyyətlərindən dolayı revanş götürmək üçündür və tairixdən bizə bəlli olan bolşevik satqınlığıdır.Öz iqtidarını düşməncəsinə terroru himayədə ittiham etmək və xaricdən olan basqılarla bərabər daxildəki qarşıdurmaları qızışdırmağın başqa adı yoxdur.Vətəndaş toqquşmalarına sürüklənən bir ölkə cümhuriyyətçilər üçün necə sərfəli ola bilər?

İrakdan 2011-ci ildə sifətini tamam itirərək oranı rüsvayçılıqla tərk edən koalisiya qoşunlarını təkcə bir dövlət əvəz edə bilərmi? İŞİD yalnız terror qrupları deyil,sünni azlığının dini-milli mübarizəsi, şiələrin Səddamdan sonrakı diksriminasiyasına,idarəçilik quruluşuna,istismar siyasətinə xalq dirənişinin ifadəsi və ədalətsiz məskunlaşma hesabına kasıb torpaqların neftlə zəngin ərazilərilə əvəzləşdirilməsi müharibəsidir.Təsadüfi deyil ki,yerli əhali İslam dövləti ideyasını müdafiə edir-silahlı,ya silahsız,bu başqa məsələdir.Ona görə Türkiyə ərəbin məzhəb davasına girib ədalətli hakim ola bilməz.O torpaqlarda axan qanı dayandırmaq hələ heç kəsə sərfəli deyil.Allah evinin üstündə oturan ərəb şeyxlərinin hamısı İrakda müharibə istəyir.Hər gün ölən bir müsəlman başqasının zənginliyinin başlıca qarantıdır.

Təkcə türk millətçilərinin davranışı həqiqi Vətən amalları adına yazıla bilər.MHP lideri ölkəsi təhlükədə ikən hakimiyyət ehtirasını bir kənara qoymağı bacaran həqiqi ülküçü nümunəsini ortaya qoydu.Ona görə müdaxilə qanununa səs verməyib iqtidarı qınayanları anlamaq çətindir.Kürdlər Türkiyənin qədrini bilməlidirlər.Dəmirtaş öz müllətinin dövləti olmadğına görə Kobaniyə yeriməyən qoşunlara asi düşəndə Davudoğlu ona yerini göstərdi:Türkiyə həm də kürdlərin dövlətidir!Lakin bir şərtlə-PKKnı və onun Suriya qolu olan PYG-ni müdafiə edən kürdlər terrordan qorunmaq üçün gəlib sığındığı ərazilərdə dağıntılar törədə bilməzlər.
Türkiyə PKK-nı İŞİDin əlindən niyə almalıdır ki?Yalnız ona görə ki,sonra həmin kürdlər qalxıb təzədən milli azdlıq savaşı adı ilə onları xilas edən türklərin qanını tökəcəklər?Hansi dövlət öz düşməninin gələcəkdə daha böyük təhüləkəyə çevrilməsi naminə əzrayılın əlindən alar?

Ruzvelt vaxtilə Stalinlə Hitlerin davasına baxıb deyirdki ki,iki tiran vuruşub zəifləyəcək və onlardan xilas olmaq daha da asanlaşacaq.Əgər Qərb həqiqətən terroru birdəfəlik məhv etmək istəyirsə,onu milli-dini sortlara bölüb yalnız özünə lazım olanı niyə lənətləyir? Yaxın Şərqin hərbi teatr səhnəsində terror üzərindən oynanılan dramın yeni qanlı fəsilləri hələ uzun müddət davam edəcək.
Türk ordusu 75 milyonluq bir məmləkətin varlğının qarantıdır. Ağıllı siyasət və güclü sərkərdə savaşa girmədən qalib gəlməyi bacarandır.Mehmetciyi təkbaşına ərəb çöllərinə-siyasi xəritədən silinəcək bir dövlətin ölüm kabusları dolaşdığı bir məkana göndərməyi tələb edənlər,türkün düşmənləridir.Müsəlmanın sonrakı ağlı,həmişə məğlubiyyətdən sonra gəlir!Bəlkə,dəyişməyin vaxtıdır?!


07:00 11.10.2014