KANAL24.AZ
Az Iw En Ru

Gəncədə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” konfranslar keçirilir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhərdə fəaliyyət göstərən ali məktəblərdə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfranslar keçirilib.

Dövlət Komitəsindən verilən məlumata görə, Gəncə Dövlət Universitetində tədbiri giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Həsən Məmmədov şəhərdə dini durumun sabit olduğunu bildirib və konfransı yüksək qiymətləndirib.

Çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov qeyd edib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd tolerant və multikultural dəyərlərimizi gənclər arasında təbliğ etməkdir. Dövlət Komitəsinin sədr müavini Azərbaycanın tolerantlıq dəyərlərinə təhdid yaradan məsələlərin müzakirə etməyin vacibliyini də diqqətə çatdırıb.

DQİDK-nın sədr müavini çıxışında dini ekstremizm və radikalizmin fəsadlarından da bəhs edib.Universitetin prorektoru Gülsüm Fətəliyeva milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Azərbaycan Aqrar və Texnologiya universitetlərində keçirilən konfranslarda Texnologiya Universitetinin rektoru Akif Süleymanov, Aqrar Universitetin prorektoru Anar Hətəmov, DQİDK-nın sədr müavini Gündüz İsmayılov və Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov çıxış ediblər.

Müzakirələrdə “Multikulturalizm ili” çərçivəsində reallaşdırılan bu səpkili konfransların radikal qrupların gəncləri öz təsir dairəsinə salmasının qarşısının alınması baxımından əhəmiyyəti qeyd edilib.Müəllim və tələbələrin iştirak etdiyi konfranslarda multikultural və tolerant dəyərlər barədə tələbələrlə diskusiya aparılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş "Fitnə" sənədli filmi nümayiş olunub.

 


23:11 19.11.2016