KANAL24.AZ
Az Iw En Ru

Fransanın tanınmış caz ifaçısı Pierre de Treqomain Bakıda konsert verib

Oktyabrın 23-də Bakıda Fransanın məşhur caz ifaçısı Pierre de Treqomain və kvarteti konsert proqramı ilə çıxış edib.

 “Landmark Rotunda” caz klubunda baş tutan konsert proqramı Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə ənənəvi olaraq Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində gerçəkləşib.

Möhtəşəm ifa nümayiş etdirən P.Treqomain konsertdə öz vokal imkanlarını bütünlüklə təqdim etməklə yanaşı, musiqi ilə emosiyalar arasındakı bağlılığı bir daha sübut edib. Bundan əlavə, ifaçı caz musiqisinin pop, klassik musiqi və fransız musiqisi kimi müxtəlif janrların sintezi təsiri bağışladığı universal musiqi üslubunu nümayiş etdirib. Paytaxt sakinləri və şəhərimizin əcnəbi qonaqlarının da qatıldığı konsert proqramı maraqla qarşılanıb.

Qeyd edək ki, Pierre de Treqomain 2008-ci ildə keçirilən “Crest Jazz Vocal” festivalında birinci yerə layiq görülüb. Onun fransız və ingilis dilindəki orijinal kompozisiyalardan ibarət “My cold song” adlı ilk albomu 2010-cu ildə işıq üzü görüb. Eyni zamanda, o, 2012-ci ildə “Jazz magazine” tərəfindən “Ən məşhur kişi müğənniləri” sırasına daxil edilib.

Ölkəmizə və milli musiqimizə marağı olan P.Treqomain Azərbaycanın tanınmış muğam ifaçısı Qoçaq Əsgərovla möhtəşəm kompozisiyalar üzərində işləməyə başlayıb.


08:43 24.10.2016