KANAL24.AZ
Az Iw En Ru

Milli Qəhrəman Füzuli Rüstəmovun xatirəsi yad edildi- FOTOLAR

Kanal24.az xəbər verir ki, dekabrın 5-də Azərbaycan Respublikası "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyi və "Xocalı Soyqırımını Tanıtma" İB birgə təşkilatçılığı ilə Neftçala rayonundakı şəhid Zabil Əsgərov adına tam orta məktəbində milli qəhrəman Füzuli Salah oğlu Rüstəmovun anım mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının himni səsləndirilib. Daha sonra ölkəmizin bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin ruhu sükutla yad edilib.

Aşağı Surra kənd orta məktəbinin direktoru Həbulla Rəhimov tədbir iştirakçılarını salamlayaraq deyib ki, bu tip tədbirlərin keçirilməsi gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə mühüm töhfə verir.

"Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova çıxış edərək dövlət müstəqilliyimizin şəhidlərin qanı bahasına qazanıldığını deyib. Mahirə xanım bildirib ki, ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan uğurla inkişaf edir. Və bu inkişafın ordumuzun gücləndirilməsinə hesablandığını deyən təşkilat sədri onu da bildirib ki, gələcəyimiz etibarlı əllərdədir. Təşkilat sədri Ali baş komandanın əmri ilə işğal edilən torpaqlarımızın tezliklə azad olunacağına ümidvar olduğunu diqqətə çatdırdı.

Tədbirdə çıxış edən "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Şamil Sabiroğlu Xocalı soyqırımı zamanı qəhrəmancasına həlak olan Füzuli Salah oğlu Rüstəmovun həyatından, döyüş zamanı sərgilədiyi şücaətindən danışdı. 

"Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred)Məhərrəmov" adına İnkişaf Fondunun sədri Hacı Ədalət Məhərrəmov bildirib ki, ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimizi hər gün anmalıyıq. Çünki onlar bu vətəni canlarından əziz tutub şəhid olublar.

Tanınmış şair Vaqif Nəcəfzadə vətənpərvərlik mövzusunda yazdığı şeirləri səsləndirib.

Anım mərasimində iştirak edən Aşağı Surra kənd orta məktəbinin müəllimləri-Elnur Abdıyev, Şərəbanı Nağıyeva və başqaları Milli Qəhrəman Füzuli Rüstəmovun şərəfli ömür yolundan danışıblar.

F.Rüstəmovun bacısı, Xocalı şəhər 2saylı məcburi köçkün tam orta məktəbinin direktoru Fiqurə Rüstəmova qardaşının xatirəsini əziz tutanların hər birinə dərin təşəkkürünü çatdırıb. O bildirib ki, vətən uğrunda şəhid olan oğullarımız gənclər üçün örnək olmalıdır. Onların qəlbi vətən, torpaq eşqi ilə döyünməlidir.

Tədbirin sonunda "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova təşkilat adından hazırlanan fəxri fərmanı və hədiyyələri məktəbin direktoruna təqdim edib. 

Daha sonra xatirə şəkli çəkdirildi.


07:07 06.12.2014