KANAL24.AZ
Az Iw En Ru

Bakıda daha bir yolda hərəkət bərpa olunur (FOTO/VİDEO)

Təmir işləri ilə əlaqədar olaraq bir müddətdir ki, bağlanan Qara Qarayev prospektinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində (Dakar meydanı) bu gün axşam saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq.

"Azəravtoyol" ASC-dən Kanal24-ə verilən məlumata görə, sözügedən hissədə hazırda son tamamlanma işləri aparılır. Yol-cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılır. İşlər bitən kimi metronun "Neftçilər" stansiyasının qarşısındakı hissə vətəndaşların istifadəsinə veriləcək.

Sabah səhər saatlarından etibarən isə prospektin Şirin Mirzəyev ("Q.Qarayev" metrosu) və R.Rüstəmov ("Neftçilər" metrosu) küçələri arasında yerləşən köməkçi yolda təmir işlərinə başlanılacaq. Bu səbəbdən köməkçi yol sabahdan etibarən qısa müddətlik avtonəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq. Köməkçi yolun uzunluğu 750 metr, eni isə 12 metrdir.

Qeyd edək ki, Q.Qarayev prospekti 6 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 24 metrdir. İndiyədək prospektin Ş.Mirzəyev və R.Rüstəmov küçələri arasında yerləşən təqribən 1,2 km-lik hissəsi yüksək səviyyədə təmir edilib. Burada 2 qat olmaqla 30 min kv.m sahədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Bundan başqa, piyada səkiləri bərpa olunaraq asfaltlanıb, yol boyu yeni səki daşları düzülüb, avtobuslar üçün cibli dayanacaqlar tikilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənib, səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi işlək vəziyyətə gətirilərək yağış barmaqlıqları yenisi ilə əvəzlənib, 1 metr enində yeni yol ayrıcı tikilib, zəruri olan yerlərə yol nişanları qoyulub və piyada zolaqları salınıb.


23:17 14.07.2016