KANAL24.AZ
Az Iw En Ru

Daha bir şəhidimiz torpağa tapşırıldı

Dəfn mərasimi Masallda keçirilib.

Aprelin 4-də qoşunların təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu, 21 yaşlı Nurlan Bayram oğlu Əsgərov doğulduğu Masallı rayonunun Kalinovka kəndində dəfn edilib.

Kanal24-ün APA-ya istinadən məlumatına görə, dəfn mərasimində  N. Əsgərovun doğmaları ilə yanaşı, xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayonun icra strukturlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
 
Mərasimdə səslənən çıxışlarda Vətən torpağı uğrunda canından keçən şəhidin qəhrəmanlığından, vətən sevgisindən söz açılıb. Bildirilib ki, N. Əsgərov 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq cəbhə bölgəsində Vətənə xidmətini davam etdirib, düşmənlə ölüm-dirim mübarizəsində qəhrəmanlıqla həlak olub.
 
Şəhid əsgər kənd qəbiristanlığında torpağa tapşırılıb. Sonda onun xatirəsinə 3 dəfə yaylım atəşi açılıb, tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.


03:23 06.04.2016