Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün “Abituriyentin elektron ərizəsi”ni təsdiq etmiş, lakin hər hansı səbəbdən ərizənin təsdiqini ləğv etmək istəyənlər üçün yeni elektron xidmət istifadəyə verilib.
Dövlət İmtahan Mərkəzindən Kanal24-ə verilən məlumata görə, təsdiq edilmiş elektron ərizəsini ləğv etmək istəyən abituriyentlər https://eservices.dim.gov.az/erizebak/erize/ səhifəsindəki “Elektron ərizənin təsdiqinin ləğvi” keçidinə daxil olub “Şəxsi kabinet”inin istifadəçi adı və parolunu mavafiq sahələrə qeyd edir.
Təsdiq olunmuş elektron ərizənin ləğv edilməsi xidmətindən yalnız 1 dəfə istifadə etmək mümkündür. Elektron ərizənizi yenidən doldurarkən diqqətli olun və onu təsdiq etməyi unutmayın. Müsabiqəyə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər buraxılır.
Qeyd edək ki, abituriyentlər mayın 12-dən etibarən ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).
Elektron ərizələrin qəbulu 5 iyun saat 23:59-dək davam edəcək.