KANAL24.AZ
Az Iw En Ru

“Xalx”ın tənhalarının da nazirliyi var

Qan Turalı yazır...

Müasir cəmiyyətlərdə insanlar getdikcə daha çox tənhalıq hiss etməyə başlayırlar. Sizə zarafat gəlməsin, İngiltərədə Tənhalar nazirliyi də var. (Düzü, bu orfoqrafiya qaydaları yenilənəndən sonra bilmirəm ki, nazirlik sözü balaca hərflə yazılır, yoxsa böyük...).

Bu ölkədə doqquz milyon tənha insan yaşayır. Tənha deyəndə, mən evdə tənha yaşayanları nəzərdə tuturam, səhraya düşüb Məcnun kimi şir-pələnglə ixtilat edənləri yox.

Manhettendəki hər iki evdən birində tək insan yaşayır. Yəni bir ev, bir adam.

Amerika Birləşmiş Ştatları miqyasında isə bu nisbət dördə birdir. 

Bu seçimin bir neçə səbəbi var, insanların çoxu tək olduqda daha rahat, daha sərbəst olduqlarını vurğulayır. Biri südü birbaşa qabından içməyin onu xoşbəxt etdiyini, digəri isə duş qəbul edərkən hamamın qapısını bağlamadığını sevdiyindən danışır.

Bu təklik sindromu ötəri bir trend olmaqdan ziyadə, özündə müasir dövrün ruhunu ifadə edir.

Və bu mənada dünyada yeni trendlər ortaya çıxır: tək tətilə getmək, tək axşam yeməyi, tək gecə gəzintisi... İnsan getdikcə özünə qayıdır.

Bəli, söhbət heç də bayquş təkliyindən, ya da yalquzaq tənhalığından getmir.

Tək yaşayan insanların bir çoxunun güclü sosial kontaktları, geniş çevrələri var. Lakin bu insanlar daha çox özlərinə zaman ayırmağı seçirlər.

Əslinə baxsanız, bu sosial təkamülün mühüm halqasıdır.

İlk Homo Sapienslər 150 nəfərlik sürülər halında yaşayırdılar. Məhz bu məqama görə, indinin özündə də ünsiyyət saxladığımız insanların sayı 150 ilə məhdudlaşır. Söhbət ayda-ildə bir dəfə görüşüb toylarına dəvətnamə aldığımız adamlardan yox, mütəmadi ünsiyyət saxlayıb, xəbərləşdiyimiz fərdlərdən gedir.

O dövrlərdə insanların 150 nəfərlik sürülərdə cəmləşməsinin əsas səbəbi yalnız bu qədər insanla zəruri tələbatların ödənildiyi idi. Yəni bu sayda insanla digər insan sürülərindən qorunmaq, qida əldə etmək mümkün idi.

Bəşəriyyət kənd həyatına keçdikdə isə bu saylar azalmağa və üç nəsillərin birlikdə yaşadığı ailələr yaranmağa başladı. Çünki torpağı əkmək üçün əmək gücünə ehtiyac vardı.

Müasir dövrdə isə bir adam çalışaraq qazandığı pulla özü üçün zəruri olan bütün tələbatları yerinə yetirə bilir. Artıq o dövr deyil ki, bir oğul xış əkməyə kömək edə, ikisi qoyuna gedə, qızlar inəkləri sağa, göyərti əkə... Bu mənada dövrün tənhalığı iqtisadi səbəblərdən də doğur, ancaq və lakin burada psixoloji faktorlar da mühüm rol oynayır.

Əlbəttə, hələ qədim Aristotelin də dediyi kimi, insan sosial varlıqdır və çox güman ki, insan özünün sosial təbiətini heç bir zaman itirməyəcək. Lakin insanlar getdikcə daha özləri ilə ünsiyyətə ehtiyac duyurlar.

İnsanlar getdikcə daha çox özlərinə zaman ayırmağa, başqa insanların şıltaqlıqlarından yorulmağa başlayırlar. Burada müasir həyatın ağır psixoloji atmosferi də rol oynamamış deyil.

Bir sözlə, XXI əsr tənhaların əsri olacaq. Onların hətta nazirliyi də var.

Biz isə hələ nazirlik sözünün böyük, ya da balaca yazıldığını müzakirə edək.


22:55 01.05.2019