KANAL24.AZ
Az Iw En Ru

Azər Quliyev: “ Ölkə rəhbəri tərəfindən verilən fərman məhkəmə-hüquq sahəsində mövcud boşluqları aradan qaldıracaq”

Xəbər verdiyimiz kimi, aprelin 3-də prezident İlham Əliyev məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb. Fərman məhkəmə-hüquq sistemində, xüsusilə də vəkillik fəaliyyəti ilə bağlı yenilikləri özündə ehtiva edəcək

“03 aprel 2019-cu il tarixdə ölkə başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” imzaladığı fərman ölkədə məhkəmə-sistemində şəfaflığın, qanunçuluğun möhkəmləndirilməsi istiqamətində ciddi və inamlı addımdır”.

Bunu Azərbaycan Respublikası Vəkillər Kollegiyasinin Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun müdiri Azər Quliyev Kanal24-ə açıqlamasında deyib.

Azər Quliyev bildirib ki, fərman sahibkarların fəaliyyəti eləcədə sahibkarlıqla bağlı yaranan mübahisələrdə iş adamlarının məhkəməyə çıxışının operativ və effektiv formada təmin olunması məqsədi ilə yeni ixtisaslaşmış məhkəmənin yaradılması qərara alınıb:

"Qəbul edilən qərar təqdirəlayiqdir. Hesab edirəm ki, hər zaman ölkədə sahibkarlığın inkişafına diqqət və qayğı ilə yanaşan prezident İlham Əliyev imzaladığı fərman ölkədə sahibkarlığın iqtisadi gücünün artırılmasında, yerli sahibkarların eyni zamanda xarici investorların ölkəyə yatırımların edilməsində etibarlı və davamlı münasibətlərində mühüm rol oynayacaq. Təsadüfi deyil ki, müəyyən məsələlərə görə, bəzən sahibkarlarla məhkəmə-hüquq sistemi arasında yaşanan narazılıqlar cidi problemlərə səbəb olurdu. Bir növü inamsızlıq sindromu formalaşmışdı. Ancaq sevindirici haldır ki, qəbul edilən sənəd mövcud boşluqları aradan qaldıracaq. Bundan əlavə imzalanan sənədin əhəmiyyətindən danışarkən xüsusən qeyd etməliyik ki, artıq sahibkarların məhkəməyə müraciət imkanları asanlaşdırılacaq və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılması təmin ediləcək. Və bu məqsədlə vergi, xüsusən gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmə sisteminin yaradılmasıda bu sahəyə ciddi tövhə verəcək”.

Bundan başqa fərmanla “elektron-məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılması qarşıya qoyulan məqsədlərdən biridir ki, bu, həm vəkillər üçün, həm vətəndaşlar üçün xüsusi əhəmiyyət kəsb edən məqamlardan biridir".

Eyni zamanda Fərmanda qeyd olunur ki, "Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər.

Bununla bağlı vəkil Azər Quliyev məhkəmələrə müdaxilənin qarşısının alınmasında sənədin mühüm əhəmiyyət daşıdığını deyib: “Mexanizimlərinin təkmilləşdirilməsi  və məsuliyyətin artırılması, müvafiq məlumatların qəbulu üçün qaynar xəttin yaradılması, məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparılması, məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi  təmin olunacaq. Bu da vətəndaş  məmnunluğunu artırmaqla yanaşı şəffaflığın təmin olunmasına da xidmət edəcək. Eyni zamanda məhkəmə-hüquq sisteminin bütün iştirakçılarına, o cümlədən vəkillərə münasibətdə də məhkəmə işləri zamanı qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınması üçün tədbirlərin gücləndirilməsi qarşıya qoyulan ən ümdə məsələlərdən biridir. Bu isə ölkədə qanunuçuluğun, müstəqil məhkəmənin inkişaf etdirilməsinə hesablanan ciddi bir addımdır. Ümumiyyətlə fərman məzmun və mahiyyət etibarı ilə ölkədə məhkəmə-hüquq sistemində tarixi əhəmiyyətə malik olmaqla, ciddi islahatların davam etdirilməsində yeni bir dövrün başlanğıcıdır.”

Vəkilin sözlərinə görə Fərmanın 13.1. bəndi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün tələb olunan vəsaitin dəqiq proqnozlaşdırılmasını və mərkəzləşdirilmiş uçotunu təmin etmək məqsədilə cari ilin və növbəti illərin dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrılması barədə müvafiq normativ hüquqi aktların artırılması bu sahənin prespektivliyini daha da artıracaq.

Vəkil Azər Quliyev verilən Fərmanla bağlı Prezident İlham Əliyə sonsuz təşəkkürünü bildirib.

Xatırladaq ki, Fərmanda "Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etmələrinin tövsiyə edilməsi ölkədə məhkəmə sisteminin uğurlu inkişafına ciddi təkan olacaq.


20:15 05.04.2019