KANAL24.AZ
Az Iw En Ru

Əli Əhmədov: Müalicə olunan neftçilərin sağlamlığı ilə bağlı problem yoxdur

Müalicə olunan neftçilərin sağlamlığı ilə bağlı hər hansı problem yoxdur. Bunu jurnalistlərə Baş nazirin müavini Əli Əhmədov Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan neftçilərə baş çəkərkən deyib.

Ə.Əhmədov bildirib ki, həkimlər bütün tədbirləri görüblər, neftçilərin müalicələri aparılır: "Bir neçə neftçi elə bu gün də evə buraxıla bilər, amma həkimlər təkid edirlər ki, onlar bir neçə gün də həkim nəzarətində qalsınlar. Xüsusilə də baş vermiş hadisə ilə əlaqədar zərərçəkmişlərdə yaranmış psixoloji gərginliyi unutdurmaq lazımdır".

Baş nazirin müavini qeyd edib ki, burada müalicə olunan 13 nəfər neftçinin heç birinin sağlamlığı ilə bağlı hər hansı problem yoxdur: "Onların həyatına hər hansı bir təhlükə yoxdur. Çox qısa zamanda onların əksəriyyəti evə buraxılacaq".

Ə.Əhmədov deyib ki, Azərbaycan hökuməti baş verən hadisəyə dərindən təəssüflənir: "Biz belə bir hadisədən təəssüflənirik. Bu hadisə zamanı həlak olan və itkin düşən insanlar var. Onların tapılması istiqamətində zəruri addımlar atılır. Azərbaycan Prezidenti hadisə ilə əlaqədar matəm elan etdi ki, bu da çox düzgün addımdır. Bütün Azərbaycan xalqı baş verən bu hadisədən kədərlənir".


01:12 08.12.2015
Xəbər lenti
Bütün xəbərlər