KANAL24.AZ
Az Iw En Ru

Müdafiə naziri: Orduda ən müasir silahlar var

Zakir Həsənov Naxçıvanski adına hərbi liseydə olub.

“Artıq ordunun təchizatında ən müasir silahlar var. Bu dövlətimizin iqtisadi inkişafının təzahürüdür. Hər kəs bilməlidir ki, xalqımız və dövlətimiz Silahlı Qüvvələrin hərbi potensialının artırılmasında maraqlıdır. Bizim vəzifəmiz isə torpaqlarımızı son qarışına kimi azad etməklə göstərilən bu yüksək etimadı layiqincə doğrultmaqdır”.

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti ilə görüşdə deyib. O, məktəbin zabit və kursant heyətinin, pedoqoji kollektivinin, həmçinin xüsusi təyinatlı təhsil müəssisələri üzrə qurumların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirə qatılıb. 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov tədbirdə çıxış edərək özünün də məzunu olduğu Hərbi Liseyin şəxsi heyəti ilə görüşündən məmnun olduğunu bildirib və ölkəmizdə ordu quruculuğu prosesində təhsil ocağının xüsusi rolunu qeyd edib.

Nazirin sözlərinə görə, hələ keçmiş sovetlər dövründə xalqımızın ümummilli lideri Heydər Əliyev bu vacib təhsil müəssisəsini yaratmaqla böyük uzaqgörənlik nümayiş etdirib. 




“Dahi rəhbərimiz hələ neçə illər əvvəl Azərbaycanın müstəqil dövlət olacağını düşünərək belə qətiyyətli islahatlara imza atmışdı. Mən deyərdim ki, müasir Silahlı Qüvvələrimizin formalaşmasında Hərbi Liseyin çox mühüm əhəmiyyəti olub. Məktəbin yetirmələri bu gün də ordumuzun sıralarında məsul vəzifələrdə xidmət edərək ölkəmizin hərbi qüdrətinin güclənməsində bacarıq və səylərini əsirgəmirlər”, - deyə nazir bildirib.

Müdafiə naziri çıxışında son illər Azərbaycan xalqı və dövləti, şəxsən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordunun inkişaf etdirilməsinə göstərilən diqqət və qayğıdan söhbət açıb və qeyd edib ki, hazırda hərbi hissələr müasir səviyyədə qurulur, yeni silah və hərbi texnikalar alınır. 




Görüşdə Müdafiə naziri tərəfindən təhsildə və intizamda fərqlənən bir qrup kursanta hədiyyələr təqdim edilib.

22:41 02.12.2015
Xəbər lenti
Bütün xəbərlər