Azərbaycan prezidenti İlham Əliyev Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri (AKP) Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Kanal24 xəbər verir ki, inamlı qələbə münasibətilə prezident İlham Əliyevi təbrik edən Necdet Ünüvar böyük müşahidəçi heyəti ilə ölkəmizə gəldiyini və ayrı-ayrı seçki məntəqələrində müşahidələr apardıqlarını, xalqın seçkilərə böyük maraq göstərdiyini və səsvermə zamanı heç bir qanun pozuntusu ilə rastlaşmadıqlarını qeyd edib.
Dövlət başçısı seçkilərin maksimum şəffaf keçirilməsi və Azərbaycan xalqının iradəsini əks etdirməsi üçün bütün səylərin göstərildiyini deyib. Seçkilərdə iştirak edən insanların sayının kifayət qədər yüksək olduğunu vurğulayan prezident İlham Əliyev qeyd edib ki, bu, ölkəmizi bundan sonra da inamla irəli aparmaq üçün bizə əlavə güc verir. Dövlət başçısı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.