KANAL24.AZ
Az Iw En Ru

Məzahir Pənahov: Komissiyalar seçkilərin keçirilməsinə hazırdır

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov aprelin 9-da Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirib.

M. Pənahov Azərbaycanda keçirilən seçkilərin daim yerli və beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənildiyini söyləyib. 

O deyib ki, ölkəmizdə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün hər cür şərait mövcuddur:

“Yerli və beynəlxalq müşahidəçilərin, yerli və xarici kütləvi informasiya vasitələrinin, o cümlədən digər aşkarlıq institutlarının azad və sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün şərait yaradılıb.

Məhz bunun nəticəsidir ki, prezident seçkilərini 60 beynəlxalq təşkilatdan 890 beynəlxalq müşahidəçi, çoxsaylı siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını və qeydə alınmış namizədləri təmsil edən, həmçinin fərdi qaydada seçkilərin izlənilməsinə qatılan 58 min 175 yerli müşahidəçi izləyəcək.

Seçkilərdə “exit-poll” keçirmək məqsədilə MSK-ya ünvanlanmış bütün müraciətlər müsbət qarşılanıb və dörd təşkilat qeydə alınıb ki, onların da ikisi öz işlərini nüfuzlu beynəlxalq təşkilatlarla birgə həyata keçirəcək.

Bunlarla yanaşı, şəffaflığın təmin olunmasında digər vasitə kimi, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində veb-kameraların quraşdırılmasını qeyd etmək olar.

Bu isə dünyanın istənilən yerində olan internet istifadəçilərinə hətta Azərbaycana gəlmədən, seçki məntəqəsində olmadan MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan seçki günü birbaşa onlayn rejimdə səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsi proseslərini əvvəldən axıradək fasiləsiz izləməyə imkan yaradır.

MSK başda olmaqla, bütün seçki komissiyaları prezident seçkilərinin azad və ədalətli keçirilməsi üçün tam hazırdır.

Seçki günü Azərbaycan vətəndaşları heç bir maneə olmadan, azad və sərbəst şəkildə seçki məntəqələrinə gedərək öz iradələrini ifadə edə bilərlər”.

MSK sədri Azərbaycan Respublikasının seçki sistemi, seçki qanunvericiliyi və seçki praktikasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr barədə xarici jurnalistlərə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.


22:37 09.04.2018
Xəbər lenti
Bütün xəbərlər