KANAL24.AZ
Az Iw En Ru

Tikinti materialları seçkidən sonra bahalaşacaq?

Mənzil bazarındakı durğunluq tikinti materialları bazarından da yan keçməyib.

Oxu.az saytı “İteca Caspian” şirkətinin təşkil etdiyi “Baku Build-2015” XXI Azərbaycan Beynəlxalq İnşaat sərgisi çərçivəsində hazırda tikinti materialları bazarındakı son vəziyyətlə tanış olmaq üçün bir çox yerli şirkət rəsmilərinin məsələ ilə bağlı fikirlərini öyrənib.

Tikinti materiallarının istehsalı ilə məşğul olan şirkətin rəsmisi bildirib ki, yaxın gələcəkdə qiymətlər qalxacaq: “Manatın devalvasiyasından sonra 99% şirkət istehsal etdiyi məhsulun qiymətini təxminən 20% qaldırıb. Hətta qeyd edim ki, yaxın gələcəkdə - parlament seçkilərindən sonra bütün tikinti məhsulların istehsalı ilə məşğul olan şirkətlər qiymətləri qaldıracaq”.

Şirkətin rəsmisi bildirib ki, qiymət aşağı olsa da alıcılar zəifdir: “Amma onu da vurğulayım ki, azərbaycanlı alıcı həmişə baha məhsul axtarır. Çünki onlar fikirlərşir ki, ucuz məhsulun keyfiyyəti də aşağıdır. Bizim şirkət devalvasiyadan sonra da qiyməti qaldırmadı, amma bu, o demək deyil ki, məhsullarımız ucuz olduğuna görə keyfiyyətsizdir”.

Başqa bir şirkətin rəsmisi isə qeyd edib ki, tikinti işləri zəiflədiyinə görə satış da azalıb: “Azərbaycanda son 7-8 ay ərzində bütün sahələrdə olduğu kimi, tikinti materialları sahəsində də bir az durğunluq var. Amma ümid ediirk ki, bu vəziyyət qısa müddətdə düzələcək. Bu, şirkətin mənfəətinə də pis təsir edir. Belə ki, hazırda tikinti işləri zəifləyib, buna görə də məhsullarımızın satışı da aşağı düşüb. Bu da şirkəti çətinliklə üzləşdirir. Şirkətdə xeyli işçi işləyir, bir sıra xərclərimiz var”.

Şirkətin rəsmisi onu da vurğulayıb ki, qiymətlər aşağı düşsə də satış azalıb.

Sement istehsalı ilə məşğul olan başqa bir şirkətin nümayəndəsi isə qeyd edib ki, alıcılıq qabilliyyəti aşağı olsa da şirkətlər arasında rəqabət çox güclüdür: “Ümumiyyətlə, Azərbaycandakı vəziyyətdən xəbərdarsınız. Ümumdünya iqtisadi böhranı istər-istəməz ölkəyə də təsir edir. Bu, o deməkdir ki, tikinti bazarına da öz təsirini göstərir. Bu isə ona gətirib çıxarır ki, qiymətlər istər-istəməz aşağı düşür. Həm də ki, hazırda bazarda rəqabət daha güclüdür. Bu gün Azərbaycanda istehsal edilən sementin miqdarı daha çoxdur, nəinki tələbat. Sement də tikintidə əsas amildir. Odur ki, ümumi tikinti aşağı düşdüyündən sementə olan tələbat da aşağı düşüb”.

Mənzil bazarı üzrə ekspert Nüsrət İbrahimovun sözlərinə görə isə qiymətlər azalmağa meyillidir: “Bu dəqiqə bazarda süstlükdür. Bir tərəfdən, bazar üçün qeyri-mövsümü aylardır, digər tərəfdən isə tikintinin həcmi xeyli aşağı düşüb. Ona görə də tikinti materialları bazarında aktivlik çox aşağı səviyyədədir. Son ayların rəqəmləri göstərir ki, qiymətlər də düşməyə meyillidir. Yəni ötən ay az da olsa - 0,3% qiymət azalması var. Ondan əvvəl 1,1% qiymət azalması müşahidə edilirdi. Rəqəmlər çox kiçik də olsa, azalmaya meyillidir”.

Eskpertin sözlərinə görə, bazardakı bu vəziyyət martın sonu-aprel aylarında düzələ bilər: “Adətən tikinti bazarı canalanana qədər bu tendensiya davam edə bilər. Tikinti bazarı isə mart ayının sonundan, aprel ayında canlanmağa başlayır. Qış ayları tikinti materialları bazarı üçün qeyri- mövsümi aylardır. Rusiyadan gələn tikinti materiallarında müəyyən azalmalar müşahidə edilir. Bu aylarda daxili istehsalda müəyyən azalmalar müşahidə edilir. Bu da bazarın aktivliyinin aşağı düşməsi ilə bağlı olur. Çünki qeyri-mövsümi aylar tikinti sektorunda aktivlik aşağı düşür, tiikintinin həcmi azalır, ona görə də istehsalın həcmi də azalır. Bununla belə, Rusiyadan gələn materiallarda az da olsa qiymət artımı var, amma yerli istehsal olan tikinti materiallarının qiymətində stabillik müşahidə edilir, bəzilərində isə azalmalar var”.

N.İbrahimov 1 noyabr parlament seçkilərindən sonra qiymətlərin qalxacağı ilə bağlı fikirləri isə əssasız adlandırıb: “Bu məlumat qeyri-realdır, çünki onun üçün məntiqi əsas yoxdur”.


22:34 21.10.2015
Xəbər lenti
Bütün xəbərlər