KANAL24 ONLINE TV
Az Iw En Ru

Sevgililər günündə hansı hədiyyəni almaq olmaz? – SİYAHI

Azərbaycanda ildə iki dəfə qeyd olunan Sevgililər gününün birincisi yaxınlaşıb. Bununla bağlı olaraq, sevgilisi olanları da hədiyyə alma həyəcanı bürüyüb.

Bu işdə naşı olub nə alacağını bilməyənlər də var, ilk ağlına gələn hədiyyəni alıb canını qurtarmaq istəyənlər də... Ancaq bu oyunda kreativliyini işə salıb həm anı, həm də hədiyyəni özəlləşdirənlər qazanacaq.

Qırmızı gül

Qadınlara alına biləcək gəlmiş-keçmiş ən şablon hədiyyə qızılgüldür. “Şablon ola bilər, ancaq çox bəyənilir” deyirsinizsə, haqlısınız. Amma, sizcə, yeni və daha kreativ hədiyyələrin vaxtı gəlməyib? Ən azından üzərində düşünülmüş olar. Kim bilir, bəlkə, sevgiliniz sizə yenidən aşiq olar?

Yumşaq və böyük ayılar...

Qadınlar bu hədiyyələri sevimli hesab etsələr də, yumşaq ayılar çox şablon hədiyyədir. Yanına bir dəstə gül alıb, həm sevimli, həm də romantik görünüm desəniz də, sıradanlıqdan uzaqlaşa bilməzsiniz...

Sehirli fincan

İçinə isti su tökəndə fotonuzun ortaya çıxdığı bu fincanlar ilk çıxdığı vaxtlarda olduqca romantik idi. Amma artıq çox adiləşməyib? Ofisdə “Buna bax, sevgilisini necə də sevir, fincanında şəkli də var” deyənlər yoxdur...

Akrostik şeir

Sevgilinizə romantik şeir yaza bilərsiniz. Ancaq akrostik edib, baş hərflərinə uyğun cümlə uydurub, yazmayın. Ən önəmlisi, şeir yazdığınız kağızın uclarını yandırmayın.

Adınızın yazıldığı yastıqlar

Bəli, adlarınız yan-yana çox gözəl görünə bilər. Ağaclara, divarlara yazmış ola bilərsiniz. Amma sakitləşin, adlarınızın yazılmadığı tək bir əşyanız olsun...

Yazılı şokolad

Öz istehsalınız olan, yaxud bişirdiyiniz şokoladın üstünə hansısa sözü yazsaydınız, romantik ola bilərdi. Ancaq asanlıqla alına bilən bu şokoladlar düşündüyünüz qədər də romantik sayılmır.

Parfüm

Parfüm hər kəsin ağlına gələn həddiyyələrdəndir. Lakin sevgilinizə parfüm almayın. “Qoxunu bəyənmirəm, ya da səndən tər qoxusu gəlir” deməyin bir yolunu axtarırsınızsa, bunu Sevgililər günündə etməyin.

Heykəllər

İlin ən yaxşı atası, anası, nənəsi, qısaca, hər şeyi yazıları ilə istehsal olunmuş bu hədiyyəni almamağınız məsləhət görülür.

Bəs sevgililər günündə hansı hədiyyələri almaq olar?

“Yellow Pages” dijital platforma hədiyyə ilə bağlı ən çox axtarış edilən kateqoriyaları açıqlayıb. Axtarışların nəticəsinə görə, geyim və geyim aksessuarları ilk sırada, restoranlar isə ikinci sırada yer alır.

Bu sırada gül mağazaları, gözəllik salonlarının sifarişləri də var.

Onu da qeyd edək ki, hədiyyə alanların böyük çoxluğunu kişilər təşkil edir. Qızlar, bu, 8 Mart olmadığına görə, hədiyyə almaq hər iki tərəf üçün keçərlidir. Bəlkə, siz də hərəkətə keçəsiniz?

 


12:01 13.02.2018