KANAL24.AZ
Az Iw En Ru

Tələbə Gənclər Təşkilatları İttifaqı yeni layihəyə start verib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) gənclər üçün “İş çərçivəsi” adlı layihəyə start verib.

Layihənin əsas məqsədi işçi və işəgötürən arasında əmək münasibətlərinin tənzimlənməsi qaydaları barədə gənclərin məlumatlandırılması və insan resurslarının idarə olunması sahəsində karyera qurmaq istəyən gənclərə insan resursları əməliyyatlarının qanuni çərçivələri üzrə baza biliklərinin qazandırılmasıdır.

Bu məqsədlə işəgötürənin dövlət qurumları ilə qarşılıqlı münasibətləri mövzusunda altı sessiyadan ibarət təlim proqramı hazırlanıb.

Artıq ATGTİ-nin ofisində Əmək Qanunvericiliyi kursunun “İşə qəbul” mövzusunda ilk sessiyası təşkil edilib. Sessiya çərçivəsində insan resurslarının idarə edilməsinin funksiyaları və rolları, Əmək Qanunvericiliyi sisteminə aid olan anlayışlar, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq çalışmanın yaş hədləri, sınaq müddəti, əmək şəraitinin şərtləri və onların dəyişdirilməsi, işçinin başqa vəzifəyə keçirilməsi, iş yerləri və işçilərin attestasiyası və digər mövzularda təqdimat, müzakirə və praktiki qrup çalışması metodları ilə təlim keçirilib.

İştirakçılara təlimçilər Səbinə Mustafayeva və Cəmil Hüseynov tərəfindən hazırlanmış Əmək Qanunvericiliyinə dair materiallar toplusu təqdim olunub.

Qeyd edək ki, kursun növbəti sessiyalarının fevral və mart aylarında davam etdirilməsi nəzərdə tutulur.

Layihənin sonunda kurs iştirakçılarının bilik və bacarıqları qiymətləndirilərək, diplomlarla mükafatlandırılacaqlar.


20:09 07.02.2018