KANAL24.AZ
Az Iw En Ru

Dünyanın ən böyük video platforması olan “YouTube”da Azərbaycan Mədəniyyət Mərkəzinin bölməsi fəaliyyətə başlayıb

Dünyanın ən böyük rəqəmsal videoməlumat portalı olan “YouTube”da Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) bölməsi fəaliyyətə başlayıb.

Azərbaycan mədəniyyəti, incəsənəti, turizm potensialı, habelə ölkəmizin əldə etdiyi nailiyyətləri daha geniş coğrafiyada təbliğ etmək məqsədilə yaradılan bölmə daim yenilənir.

Bölməyə AMM-in keçirdiyi tədbirlər, Azərbaycan və Özbəkistan telekanallarında nümayiş etdirilən verilişlər, videomateriallar, milli mədəni irsimizə dair ekran əsərləri, milli rəqslərin videoyazıları, Mədəniyyət Mərkəzinin layihələri daxil edilib. Artıq AMM tərəfindən hazırlanan sənədli filmlər, videoçarxlar, özbək dilinə dublyaj olunan Azərbaycan bədii və cizgi filmləri, musiqi layihələri, kliplər yerləşdirilib.

Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun verdiyi məlumata görə kanala Azərbaycan, özbək, rus və ingilis dillərində məlumatlar açar sözlər üzrə daxil edilir ki, izləyici hər hansı bir sözə görə axtarış apararkən ətraflı məlumat əldə edə bilər. Bununla əlaqədar Mədəniyyət Mərkəzində xüsusi işçi qrup yaradılıb və onlar videomaterialları montaj edərək “YouTube”dakı Azərbaycan Mədəniyyət Mərkəzinin bölməsinə yükləyir.

S.Abbasov Azərbaycanın təbliğatı, qardaş Özbəkistan istifadəçilərinə, habelə dünyaya Azərbaycana dair obyektiv informasiya çatdırılması məqsədilə gələcəkdə bu istiqamətdə işlərin davam etdiriləcəyini və yeni-yeni videomaterialların mərkəzin kanalına əlavə ediləcəyini bildirib. O söyləyib ki, Mədəniyyət Mərkəzi bütün imkanlarından istifadə edərək internetdə Azərbaycana dair özbək dilində məlumatları zənginləşdirir. Artıq özbək dilində “Azərbaycan” seqmenti üzrə axtarış apararkən çoxsaylı məlumatlar əldə etmək mümkündür.

Diplomat 2013-cü ilin əvvəllərində AMM-in internetdə apardığı monitorinqin nəticəsində özbək dilində “Azərbaycan” seqmenti üzə çox az sayda məlumatın əldə edildiyini və bundan sonra bu istiqamətdə çoxsaylı layihələrin həyata keçirildiyini bildirib.

 

 


20:52 29.01.2018