KANAL24.AZ
Az Iw En Ru

Stalinin yaxtası Azərbaycana gətirilə bilər

“Moskva Çay Gəmiçiliyi” (“MÇG”) şirkəti 1934-cü ildə inşa edilən və “Stalinin yaxtası” adı ilə tanınan “Maksim Qorki”  teploxodunu əldə etməyə çalışan namizədlər tapıb.  

İstismar xərcləri yüksək olduğundan gəmi 2014-cü ildən bəri restoran kimi fəaliyyət göstərir. “MÇG” gəminin satışından təxminən 20 milyon rubl əldə olunacağına ümid edir.

Məlumata görə, potensial alıcılar arasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin adı hallanır.

“MÇG” baş direktoru Konstantin Anisimov bu informasiyanı təsdiq edərək, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Nijne-Novqorod administrasiyası ilə danışıqların aparıldığını bildirib.

“Azərbaycanlıları gəmi həm də eksponat olaraq maraqlandırır, belə ki, həmin gəminin göyərtəsində dəniz donanması muzeyi yaradıla bilər; gəmiçilik 2018-ci ildə 160 illiyini qeyd edir”, - deyə Anisimov dəqiqləşdirib.

“Ancaq Nijne-Novqorod üçün də “Maksim Qorki” gəmisi böyük əhəmiyyət kəsb edir, ilk növbədə ona görə ki, o, yerli tərsanələrdə inşa edilib. 2018-ci ildə yazıçının 150 illiyi qeyd olunacaq. Konstantin Anisimov sövdələşmənin məbləği barədə müzakirə aparmaqdan imtina edib.

“Maksim Qorki” teploxodu 1934-cü ildə “Krasnoye Sormovo” tərsanəsində inşa edilib. Gəminin xüsusi tarixi əhəmiyyəti var, belə ki, SSRİ lideri İosif Stalinin şəxsi teploxodu olub və  NKVD-nin Vahid Dövlət Siyasi İdarəsinin hərbi-texniki şöbəsinin hazırladığı layihə əsasında inşa olunub. Gəminin uzunluğu 69 m, eni 13 m təşkil edir. Teploxod həmin vaxtlar üçün rekord sürət  (30 km/saatdan yuxarı) yığa bilib.

Şirkət satışla bağlı sövdələşmənin ilin ilk rübünün sonuna kimi yekunlaşacağına inanır. Ancaq Nijne-Novqorod şəhər rəhbərliyi əmin edir ki, teploxodu almaq  fikrində deyillər. Sadəcə, onu “Maksim Qorki ilə Rusiya boyunca səyahət” adlı muzey-turistik layihənin təyinat nöqtələrindən biri kimi nəzərdən keçirdiklərini diqqətə çatdırıb. Xüsusi olaraq, gəminin Nijni-Novqorod sahilyanı parkına yerləşdirilməsi və orada müvəqqəti olaraq açıq havada muzeyin təşkil olunması təklif olunmuşdu. Layihədə teploxodun bələdiyyənin mülkiyyətinə keçirilməsinə dair heç bir təklif nəzərdə tutulmayıb.   


18:06 15.01.2018
Xəbər lenti
Bütün xəbərlər