KANAL24.AZ
Az Iw En Ru

“Xattab” ləqəbli terrorçu zəhərli məktubla öldürülüb

Beynəlxalq səviyyədə axtarışda olan “Xattab” ləqəbli terrorçu Çeçenistanda zəhərlənərək öldürülüb.

Bu barədə “Rosbalt” agentliyi hadisə ilə birbaşa əlaqəsi olan mənbəyə istinadən məlumat yayıb.

Terrorçu mütəmadi olaraq qaldığı yeri dəyişdirdiyindən və rabitə vasitələrinə etibar etmədiyindən uzun müddət onu zərərsizləşdirmək mümkün olmayıb. Ətrafdan özünü təcrid edən “Xattab” ona lazım olan şəxslərlə yalnız məktub vasitəsi ilə əlaqə yaradıb. Məktublar bir-birini əvəz edən çaparlarla ötürüldüyündən xüsusi xidmət orqanları onun izinə düşə bilməyib.

Xüsusi xidmət orqanları Xattab barədə hər hansı məlumata görə mükafat təyin etdikdən sonra çaparlardan biri əməkdaşlıq etməyə razılıq verib. 2002-ci ilin mart ayında o, Səudiyyə Ərəbistanından məktub daxil olduğu barədə xəbər ötürüb və Moskvadan gələn kimyaçı-mütəxəssis həmin məktubu güclü təsirə malik zəhərlə işləyib. Məktub zərfə qoyularaq möhürlə bərkidilib və təyin olunmuş çapar zənciri ilə terrorçuya göndərilib.

Bir müddət sonra Xattabın saxlanılmış cangüdəni istintaqa verdiyi ifadədə onun həmin məktubu qəbul etdiyini, zərfi açıb məktubu oxuduğunu və oxuduqdan sonra ocağın üzərinə ataraq yandırdığını bildirib. Zəhər öz təsirini üçüncü gündə göstərməyə başlayıb; terrorçunun səhhəti kəskin şəkildə pisləşib, ağzından köpük  gəlib və martın 20-də dünyasını dəyişib.

Əvvəl Xattabın əhatəsi onun ölümündə xüsusi xidmət orqanlarının əlinin olduğundan şübhələnməyib, onun bir gün əvvəl yediyi qızardılmış göbələkdən öldüyünü düşünüb. Habelə, sonradan zərflə təmasda olan daha beş nəfər oxşar əlamətlərlə öldükdən sonra suiqəsd planının üstü açılıb.

Qeyd edək ki, yanvarın 3-də “Rosbalt” Xattabın ölümündən sonra Çeçenistanda yaraqlılara pul ayıran ərəb terrorçu Əbu Əl-Validinin qətlinin təfərrüatları barədə məlumat verib.

Yayılan məlumata görə, Əl-Valid 16 aprel 2004-cü ildə Vendensk rayonunda  xüsusi təyinatlı “Vostok” bölməsinin keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib.


17:16 08.01.2018
Xəbər lenti
Bütün xəbərlər