KANAL24.AZ
Az Iw En Ru

Bakı Ekspo Mərkəzində 21-ci Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2015” sərgisi keçiriləcək

18-20 sentyabr tarixində Bakı Ekspo Mərkəzində 21-ci Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2015” sərgisi keçiriləcək. Trend-in məlumatına görə, artıq 21 ildir ki, sərgi tibb müəssisələrinin əməkdaşları, müasir tibbi avadanlıqların təchizatçıları, habelə, əczaçılar və elm xadimləri arasında peşəkar əlaqələrin qurulması və təcrübə mübadiləsi üçün platforma olmaqla yanaşı, Azərbaycanda səhiyyə sisteminin daha da səmərəli olmasına kömək edir.

Bu il “BIHE” iştirakçılarının təxminən 60%-ni xarici şirkətlər təşkil edir. Hazırda iştirakçıların siyahısında dünyanın 18 ölkəsindən 120-dən çox şirkət var. Çex Respublikası sərgidə milli stendlə çıxış edəcək. Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin dəstəyi ilə əczaçılıq şirkətləri isə sərgidə ilk dəfə olaraq birgə stendlə iştirak edəcək.

Sərgidə xarici şirkətlərlə yanaşı, nəhəng dünya istehsalçılarının tərəfdaşı olan tibbi avadanlıqların aparıcı yerli distribyutorları da iştirak edəcək. Yerli distribyutorlar arasında “ARASH Medical”, “Besan”, “Vitta”, “Labservis” və digər şirkətlər yer alır. Sərgi “Tibbi turizm” sektorunu fəal şəkildə inkişaf etdirir və bu il sözügedən sektor çərçivəsində xaricdə müalicənin təşkil ilə məşğul olan 30-dan artıq klinika və şirkətin iştirakı planlaşdırılır. Bunların arasında Gürcüstan, İsrail, Latviya və Türkiyənin klinika, sanatoriya və müalicə mərkəzləri var. İlk dəfə olaraq, Türkiyənin tibbi turizmlə məşğul olan şirkətləri birgə milli stendlə çıxış edəcək. Sərgidə xarici klinika, sanatoriya və istirahət evləri ilə yanaşı, insanları müalicə üçün xaricə göndərən turizm şirkətləri də iştirak edəcək.

Bu il “Tibbi turizm” sektoru Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən dəstəklənir. Bu il sərgi öz geniş işgüzar proqramı ilə də fərqlənəcək, belə ki, sentyabr ayının 18-də Bakı Ekspo Mərkəzində “Aktual kardiologiya problemləri” mövzusuna həsr olunmuş konfrans keçiriləcək. Konfransın sponsoru Sloveniyanın “KRKA” əczaçılıq şirkətidir.

Sentyabr ayının 19-da isə Bakı Ekspo Mərkəzində “Mamalıq, ginekologiya və neonatologiya sahəsində müasir diaqnostika və müalicə metodları” mövzusunda 9-cu elmi-praktiki konfrans təşkil olunacaq. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və “Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək” İctimai Birliyinin dəstəyi ilə keçirilən konfransda mütəxəssislər ən yaxşı təcrübələrini öz həmkarları ilə bölüşə biləcəklər.

Həmçinin, builki yeniliklərdən biri də tibbi turizm sektoru çərçivəsində “B2B” formatlı korporativ görüşlərin təşkili olacaq.


20:54 02.09.2015
Xəbər lenti
Bütün xəbərlər