KANAL24.AZ
Az Iw En Ru

Prezident açılışlarda iştirak etdi - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncə şəhərinə səfərə gəlib.

Əvvəlcə dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Gəncənin Ulu Öndərin abidəsinin ucaldığı Heydər Əliyev adına baş meydanı şəhər sakinlərinin və qonaqların istirahəti üçün çox gözəl məkanlardan biridir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib.

Bu mədəniyyət ocağının təməli Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə qoyulub. Burada inşaat işləri 2017-ci ilin noyabrında başa çatdırılıb.

Dövlət başçısı filarmoniyanın rəmzi açılışını bildirən lenti kəsdi və bina ilə tanış olub.

Prezident İlham Əliyevə məlumat verilib ki, altımərtəbəli binada inzibati, məşq, qrim, rejissor və istirahət otaqları, bufet yaradılıb. Burada, eyni zamanda, 1200 nəfərlik konsert və 300 yerlik iclas zalları, 10 loja və 1 VİP loja da tamaşaçıların ixtiyarına veriləcək. Filarmoniyada kitab satışı da həyata keçiriləcək. Binanın üçüncü mərtəbəsinin eyvanında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin və Arif Məlikovun heykəlləri qoyulub. Ərazidə açıq havada yay konsert meydançası, baxış qülləsi, 500 avtomobil yerlik yeraltı dayanacaq və ümumi sahəsi 2 min kvadratmetr olan iki korpusdan ibarət ikimərtəbəli qalereya inşa edilib.

Filarmoniyanın yeni binasında mədəni tədbirlərin yüksək səviyyədə keçirilməsi, əməkdaşların və yaradıcı kollektivlərin səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Gəncə Dövlət Filarmoniyasının yeni binasının istifadəyə verilməsi Azərbaycanda mədəniyyət sahəsinə göstərilən dövlət qayğısının əyani təsdiqidir.

Filarmoniyanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, dekorativ gül kolları əkilib. Binanın qarşısında iki fəvvarə quraşdırılıb və milli ornamentlərlə bəzədilib.

Sonra Prezident İlham Əliyev Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Dövlət başçısı görüşdə nitq söyləyib.

Sonra Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Samir Cəfərov, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Xalq Artisti Pərvanə Qurbanova çıxış ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncəyə səfəri çərçivəsində “Majestic Palace” otelinin tikintisi ilə tanış olub.

Dövlət başçısına tikinti işlərinin gedişi ilə bağlı məlumat verilib.

Bildirilib ki, 104 yerlik otelin inşasına 2015-ci ilin aprelində başlanılıb. Hazırda inşaat işlərinin son mərhələsi həyata keçirilir. Otelin binası 7 mərtəbəlidir. Burada biri kral, 8-i suite, 10-u delüks və 33-ü standart olmaqla, ümumilikdə 52 otaq yaradılacaq. Oteldə 120 nəfərlik restoran, 20 yerlik iclas zalı da olacaq. Tikinti işləri zamanı 50 avtomobil yerlik yeraltı dayanacaq inşa edilib. Otelin dayanıqlı elektrik enerjisi ilə təminatı üçün ərazidə 1000 kV-luq transformatorun və 1500 kV-luq generatorun quraşdırılması nəzərdə tutulub.

Bu cür müasir otelin yaradılması, ilk növbədə, Gəncənin turizm potensialının daha da artırılmasına töhfə verəcək. Bundan başqa, bu cür layihələrin həyata keçirilməsi həm də yeni iş yerlərinin açılmasında mühüm əhəmiyyət daşıyır. Belə ki, yeni oteldə 50 nəfər işlə təmin ediləcək.

Prezident İlham Əliyevə, həmçinin şəhərdə aparılan abadlıq-quruculuq işlərinin layihələri barədə məlumat verilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da “Gəncə Moll” Ticarət Mərkəzində yaradılan şəraitlə tanış oldu.

Dövlət başçısına ticarət mərkəzində yaradılan şəraitlə bağlı məlumat verilib. Bildirilib ki, Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən “Gəncə Moll”un inşasına 2014-cü ilin avqust ayında başlanılıb və 2017-ci ilin oktyabr ayında tikinti işləri başa çatdırılıb. Bu ticarət kompleksinin ümumi sahəsi 26 min 293 kvadratmetr, ticarət sahəsi isə 11 min kvadratmetrdir. Səkkiz mərtəbədən ibarət mərkəzin binasının dörd mərtəbəsi zirzəmi səviyyəsindədir. Zirzəmilərin 1-ci, 2-ci və 3-cü mərtəbələrində 411 avtomobil tutumlu yeraltı dayanacaq yaradılıb. Bundan başqa, burada supermarket də fəaliyyət göstərir. Ticarət kompleksində şəhər sakinlərinə və qonaqlara bir çox xidmətlərin göstərilməsi nəzərdə tutulur. Burada elektron məhsulları, məişət avadanlıqları, mebel, parfümeriya və ev aksesuarları mağazaları var. “Gəncə Moll”da, həmçinin ayaqqabı, geyim, uşaq geyimləri, idman malları mağazaları fəaliyyət göstərir və alıcılara dünyanın tanınmış brendlərinin məhsulları təqdim olunur.

Qeyd edildi ki, burada aptek, kitab mağazası, müxtəlif restoranlar və “Sinema Plus” kinoteatrı da yerləşir. Ticarət mərkəzində 800 nəfərin yeni iş yeri ilə təmin edilməsi nəzərdə tutulub.

“Gəncə Moll” Ticarət Mərkəzi kimi obyektlərin istifadəyə verilməsi ilk növbədə ölkəmizin iqtisadi potensialını və vətəndaşlara xidmətin yüksək səviyyədə təşkilini nümayiş etdirir. Bundan başqa, bu layihənin icrası həm də Gəncə şəhərinin görkəminin müasirləşməsinə böyük dərəcədə töhfə verir.


20:20 10.11.2017
Xəbər lenti
Bütün xəbərlər