KANAL24.AZ
Az Iw En Ru

Sürücülərin diqqətinə: Evakuatorlarla bağlı mühüm qərar – YENİLƏNİB

Sosial şəbəkələrdə təmir işləri ilə əlaqədar olaraq DYP evakuatorlarının fəaliyyətinin müvəqqəti olaraq dayandırıldığı və hazırda cərimə meydançalarında təmir işlərinin aparılması ilə bağlı xəbər yayılıb.

Kanal24 xəbər verir ki, “Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyevlə əlaqə saxlayıb. 

Polkovnik bildirib ki, hazırda cəmi bir cərimə meydançasında təmir işi aparılır:

“Cəlil Məmmədquluzadə küçəsinin yaxınlığındakı dayanacaqda təmir işi gedir və bu müddətdə də oraya avtomobil aparılmayacaq. Ancaq bunun digər dayanacaqlarla heç bir əlaqəsi yoxdu. Bütün xidmətlər olduğu kimi davam etdirilir. Hazırda Bakı ərazisində 10-dan çox dayanacaq var”.

* * * 

Bakıda DYP evakuatorlarının fəaliyyətinin ləğv edilməsi barədə xəbərlər yayılıb. Bildirilir ki, bundan sonra sürücülər dayanma-durma qaydasını pozarkən, avtomobilləri cərimə meydançasına aparılmayacaq. Lakin yol polisi əməkdaşları həmin avtomobilin sürücüsü barəsində hər yarım saatdan bir inzibati protokol tərtib edə bilər.

Ötən həftənin cümə günündən etibarən Bakıda dövlət yol polisinə məxsus evakuatorların fəaliyyəti dayandırılıb.

Yəni dayanma-durma qaydasını pozan avtomobillər cərimə meydançasına aparılmayıb. Bu gün də eyni mənzərə müşahidə olunur. Lakin bu hal daimi olmayacaq. Bakıdakı cərimə meydançaları qışa hazırlıq məqsədilə təmir edilir, asfalt döşənir. Bu səbəbdən də cərimə meydançalarına nəqliyyat vasitələrinin aparılması müvəqqəti olaraq dayandırılıb. Bir həftə sonra proses davam edəcək.


02:28 17.10.2017