KANAL24.AZ
Az Iw En Ru

Amerikalı yeni həmsədr vəzifəsinin icrasına başlayıb

ABŞ Endryu Şеfferin ATƏT-in Minsk qrupunun həmsədri təyin olunmasını alqışlayır.  

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Heder Nouertin bəyanatında bildirilir.  

Bəyanatda vurğulanır ki, E. Şeffer Avropa və beynəlxalq təşkilatlarla zəngin iş təcrübəsinə malikdir.

"ABŞ beynəlxalq hüquqa, o cümlədən Helsinki Yekun Aktında əksini tapmış güc tətbiq etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını müəyyən etmə prinsiplərinə əsaslanan ədalətli həll yollarının axtarılması üçün səy göstərəcək", - deyə sözçünün bəyanatında qeyd olunur.

E.Şefferin təyinatı barədə qərar Azərbaycan və Ermənistan hökumətlərinə göndərilib. Bununla da, o, rəsmi olaraq vəzifəsinin icrasına başlamış sayılır.

Bu təyinatdan əvvəl E.Şeffer ABŞ-ın Vyanadakı beynəlxalq təşkilatlarda müvəqqəti işlər vəkili vəzifəsini tutub. 2015-ci ilin avqustundan 2017-ci ilə qədər o, missiyanın sözçüsünün müavini olub. Buna qədər diplomat 2014-cü ilin avqustundan 2015-ci ilə qədər Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə müşavir kimi çalışıb. 2011-2014-cü illərdə ABŞ-ın Kiprdəki səfirinin müavini olub, ABŞ-ın Küveyt, Bəhreyn və Rusiyadakı səfirliklərində işləyib.

Vaşinqtonda isə Dövlət Departamentinin İraq üzrə bölməsində çalışıb, dövlət katibinin müavinin siyasi məsələlər üzrə köməkçisi olub.


18:50 29.08.2017
Xəbər lenti
Bütün xəbərlər