KANAL24.AZ
Az Iw En Ru

Sarkisyan Putinlə görüşündən danışdı

Ermənistan prezidenti Serj Sarkisyanın ümumerməni gənclər düşərgəsinin iştirakçıları ilə görüşü zamanı ona Rusiya prezidenti Vladimir Putinlə bu günlərdə Soçidə keçirilmiş görüşündən də sual verilib. 

Kanal24 Virtualaz.org-a istinadən xəbər verir ki, iştirakçılardan biri Sarkisyandan soruşub: “O doğrudurmu ki, sizin Soçidə Putinlə görüşünüzdə Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi də müzakirə olunub?”

Sarkisyan isə cavab verib ki, Putinlə nəinki Qarabağda sülhməramlıların yerləşdirilməsini müzakirə etməyib, eləcə də ümumiyyətlə Qarabağ problemi barədə müzakirə aparmayıb. 

“Biz ümumiyyətlə bu barədə müzakirə aparmadıq. Mən sadəcə olaraq bir neçə kəlmə ilə hazırda təmas xəttində hökm sürən vəziyyətlə bağlı situasiyanı təqdim etdim və qonşumuzun niyyətləri barədə öz baxışlarımı çatdırdım. Vəssalam. Biz bu cür məsələ müzakirə etmədik”, - deyə Sarkisyan bildirib.

Ermənistan prezidenti deyib ki, onun Putinlə görüşü ilə Minsk Qrupunda fəaliyyətini başa vuran amerikalı həmsədr Riçard Hoqlandın Qarabağda sülhə dair əsas prinsipləri açıqlaması arasında bağlılığın olmasına az ehtimal verir. 

“Hoqland postunu tərk edir və görünür öz mövqeyini daha sərbəst statusda ifadə etmək istəyib. Əvvəllər də belə olmuşdu. Hoqlandın sözlərinə gəldikdə isə bunlar mənim üçün yenilik deyil. Bunlar ümumi yanaşmadır. Həmin bəndlərin həyata keçirilməsi üçün onları həftələrlə, aylarla sənədləşdirmək lazımdır. Çünki bu sənəddə istənilən sözün, vergülün də mühüm əhəmiyyəti var”, - Ermənistan rəhbəri əlavə edib.


17:34 29.08.2017
Xəbər lenti
Bütün xəbərlər