KANAL24.AZ
Az Iw En Ru

“Caspian Agro 2015” sərgisində 250-dən çox şirkət iştirak edəcək

Mayın 21-23-də Bakıda kənd təsərrüfatı təyinatlı məhsul və qida istehsalçılarının iri regional forumu - 9-cu Azərbaycan Beynəlxalq kənd təsərrüfatı (“Caspian Agro 2015”) sərgisi keçiriləcək.

Sərginin təşkilatçısı olan “İteca Caspian” şirkətindən bildiriblər ki, ötən illər ərzində “Caspian Agro” sərgisi hər il mütəxəssislər arasında görüşlərin keçirilməsi, kənd təsərrüfatı sahəsi üçün texnika və avadanlıqların, habelə məhsul və xidmətlərin nümayişi baxımından etibarlı bünövrə kimi özünü doğruldub. Uzun illərdir Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Caspian Agro” sərgisinə fəal və mühüm dəstək verir. Sevindirici haldır ki, sərgi “Kənd təsərrüfatı ili”nə həsr olunmuş Tədbirlər Planına da daxil edilib və bu, “Caspian Agro 2015” sərgisinin inkişafına müsbət təkan verməklə yanaşı, hər il keçirilən bu ixtisaslaşdırılmış tədbirə marağı daha da artırıb.

“Caspian Agro 2015” sərgisi Bakı Ekspo Mərkəzinin iki pavilyonunu və xarici meydançasını tutacaq. Bu il sərgidə iştirak edən şirkətlərin sayı 250-dən çoxdur və onların arasında Almaniya, Yunanıstan, İtaliya, İspaniya, Koreya Respublikası, Niderland Krallığı, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Fransa və digər ölkələrdən kənd təsərrüfatı məhsulları və avadanlıqlarının istehsalçıları və distribyutorları var. İlk dəfə olaraq, sərgidə Şri-Lanka və İordaniya şirkətləri də iştirak edəcəklər. Sərgidə Azərbaycanın kənd təsərrüfatı bazarının mənimsənilməsi istiqamətində ilk addımlarını atan bir çox yeni şirkət iştirak edəcək. Ənənəvi olaraq, Azərbaycanın regionlarından gələn sahibkar və fermerlərin ən yeni avadanlıq və texnika ilə tanış olmaları üçün “Caspian Agro” sərgisində infoturlar təşkil olunacaq.

Bütövlükdə, sərgi kənd təsərrüfatı sahəsinin ən aktual istiqamətlərini əhatə edəcək və bir sıra yeni məhsulla tanış olmaq imkanı yaradacaq. Bu məhsullara quşçuluq fabrikləri üçün avadanlıqlar, istixana avadanlıqları, suvarma sistemləri, heyvandarlıqda istifadə olunan avadanlıqlar, substratlar (bitki qidalandırıcı maddələr), heyvan və balıqlar üçün yemlər, habelə toxumlar, mineral gübrələr və s. daxildir. Sərginin müsbət cəhəti ondan ibrətdir ki, bu sektorlarda xarici istehsalçılarla yanaşı, Azərbaycandan olan şirkətlər də çıxış edirlər.

Sərgidə kənd təsərrüfatı texnikasının ekspozisiyası geniş olacaq və həm Bakı Ekspo Mərkəzinin daxilində, həm də xarici meydançasında yerləşəcək. Burada “Klever”, “Rostselmaş” (Rusiya), Gəncə Avtomobil Zavodu (Azərbaycan), “Motor Sich” (Ukrayna), “New Holland” (İtaliya), “Sampo” (Finlandiya), “Fliegle” (Almaniya), “Maschio Gaspardo” (İtaliya) şirkətləri, eləcə də digər bu kimi istehsalçı və distribyutorların təklif etdikləri müxtəlif kənd təsərrüfatı məhsullarını yığan texnikanı, yer şumlayan/toxum səpən maşınları, habelə kombaynları və bütün növ kənd təsərrüfatı işləri üçün müxtəlif təyinatlı aqreqatları görmək mümkün olacaq./AzerTac/



18:42 23.04.2015
Xəbər lenti
Bütün xəbərlər