KANAL24.AZ
Az Iw En Ru

Şah İsmayıl Xətai Komissiyasının ilk iclası keçirilib

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Şah İsmayıl Xətai Komissiyasının dəstəyi ilə çap edilən “Böyük adam olmuş uşaq - Şah İsmayıl Xətai” kitabının, “Azərbaycan Səfəvi-Qızılbaş imperiyası” məlumat kitabçasının, həmçinin Şah İsmayıl Xətai adına “Qızılbaş” beynəlxalq tarixi hekayə müsabiqəsinin təqdimatı keçirilib.

 AYB-in katibi, Xalq Yazıçısı Çingiz Abdullayev Şah İsmayıl Xətainin həm şah, həm də şair kimi tarixdəki rolundan danışıb. Söyləyib ki, AYB-də yeni yaradılan Xətai Komissiyası da Şah İsmayıl irsinin təbliği istiqamətində mühüm işlər görəcək. Bu məqsədlə “Hədəf Nəşrləri”ndə yenicə çapdan çıxan “Böyük adam olmuş uşaq - Şah İsmayıl Xətai” kitabı çox əhəmiyyətlidir.

Xətai Komissiyasının işinə uğurlar arzulayan AYB-in katibi İlqar Fəhmi Şah İsmayıl Xətai yaradıcılığının təbliği istiqamətində görülən işlərdən söz açıb.

Hüseyn Cavid ev-muzeyinin cavidşünaslıq şöbəsinin müdiri, AYB-in Şah İsmayıl Komissiyasının sədri, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq təqdimatı keçirilən, özünün müəllifi olduğu kitablar haqqında ətraflı məlumat verib. Bildirib ki, uşaqlar üçün nəzərdə tutulan bu kitabda Şah İsmayıl Xətainin yaradıcılığı və sərkərdəliyi onun öz dilindən təqdim edilir.

Bildirilib ki, “Azərbaycan Səfəvi-Qızılbaş imperiyası” kitabı isə Oğuz Müstəqil Araşdırmalar Qrupu tərəfindən hazırlanıb. Hər iki əsər “Hədəf Nəşrləri”nin sponsorluğu ilə çap edilib.

Şəmil Sadiq çıxışında Şah İsmayıl Xətai adına “Qızılbaş” beynəlxalq tarixi hekayə müsabiqəsi haqqında da ətraflı məlumat verib. Onun sözlərinə görə, iki ildən bir keçiriləcək müsabiqənin məqsədi Şah İsmayıl Xətai adının, ideologiyasının, sənətinin əbədiləşdirilməsi, qələm sahibləri arasında ədəbiyyata diqqətin artırılması və dövlətçilik ənənələrininə söykənərək Azərbaycan mədəniyyətini, tarixini tanıtmaq, Şah İsmayıla sahib çıxmaqdır.

Qeyd edək ki, müsabiqənin əsas şərtləri yaxın günlərdə mətbuatda dərc olunacaq.


19:12 03.06.2017
Xəbər lenti
Bütün xəbərlər