KANAL24.AZ
Az Iw En Ru

Dua nədir?

Dua nədir?

Dua - bir açardır ki, onunla Allahın xəzinələrini açmaq olur.
Dua - qürbi-İlahi vasitəsi və ibadətin məğzidir.
Dua - İlahi rəhmətin yağmaq səbəbidir.
Dua - saliklərin yol azuqəsi və aşiqlərin şüarıdır.
Dua - Allahla insanın ən yaxşı rabitəsidir.
Dua - Dostu yada salmaq, adını dilinə gətirmək, Onunla xəlvət etmək və şirin dillə danışmaqdır.

Sübhan Allah buyurur ki, əgər sizin duanız olmasaydı, Allah sizə heç bir etina etməzdi. Hədislərin birində oxuyuruq: "Hər bir ibadət əməlinin həddi və ölçüsü vardır. Misal üçün namaz gün ərzində beş dəfə qılınır, oruc Ramazan ayında tutulur, həcc bir dəfə Zilhiccə ayında olur, ancaq dua üçün hədd müəyyən edilməmişdir".
Bəs nə edək ki, dualarımız qəbul olunsun?
1. Duanın qəbul olmaq şərtlərindən biri budur ki, insan hər an dua və münacat etmək üçün hazır olmalıdır. İmam Sadiq (ə) buyurur:"Cəddim buyurmuşdur: "Duada qabaqlayın (yəni, giriftar olmazdan əvvəl dua edin), çünki əgər bəndə çoxlu dua edərsə və bəla ona çatarsa və ardınca da dua edərsə, deyilər ki, tanış səsdir. Ancaq əgər dua əhli olmazsa, xoşagəlməz hadisədən sonra dua edərsə ona deyilər: "İndiyə qədər harada idin?"".
2. Duanın yerinə yetməsinin şərtlərindən biri də insanın batini və zahiri pak olmasıdır. Paklıq və təmizlik insanın ürəyinə təsir qoyan amildir və qəlb qəsavət bağlayarsa, qəlb hüzuru olmadan edilən dua faydasız olar. Hüzuru olmayanın məsəli, əlində məşəl tutan korun məsəli kimidir.
3. Duanın yerinə yetməsində təsirli olan amillərdən biri də duadan əvvəl və sonra Peyğəmbərə (s) salavat göndərməkdir.
4. Duanın yerinə yetmsinə təsir edən ən mühüm amillərdən biri də cəm halında dua etməkdir. İmam Sadiq (ə) buyurur: "Nə zaman atam qəmgin olsa idi, uşaqları və qadınları toplayardı və sonra dua edərdi və onlar da "Amin!" deyərdilər".
5. Günahlara görə tövbə etmək. Bəzi günahlar vardır ki, duanın qəbul olmasına maneə olur. Belə günahlardan biri də ağ valideyn olmaqdır. Hədislərin birində oxuyuruq: "O günah ki, duanın rədd edilməsinə və fikrin təşvişinə səbəb olar - ağvalideyn olmaqdır".
Beləliklə deyə bilərik ki, əgər duanın şərtlərinə və ədəbinə riayət edərək, Allah Taəla dərgahında dayansaq və duamızı davamlı olaraq istəsək, dua etməkdən yorulmasaq və ümidsiz olmasaq - duamız yerinə yetəcəkdir. Çünki davamlı olaraq döyülən qapı bir gün açılar.


06:11 24.05.2017