KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda yaşayan yəhudilərin həyat tərzi

Təxminən 2il əvvəl "JNS.org” saytında Azərbaycanda yaşayan yəhudilər müsəlman ölkənin tolerantlığını əks etdirir başlığıyla məqalə dərc olunub. Məqalənin müəllif Piter Rotholzdur. Yazını təqdim edirik:  
 
Piter Rotholz
 
Minlərlə yəhudinin davamlı anti-semitizm qorxusundan Fransanı, Birləşmiş Krallığı və digər Avropa ölkələrini tərk etdiyi halda, elə bir istisna ölkə var ki, İsrailə və digər ölkələrə köçmüş "insanlara geri qayıtmaq üçün cəlbedici görsənir”. İsraildə doğulmuş və hazırda Bakıda Avropa Yəhudiləri İcmasının ravvini olan Şneor Segala görə, bu ölkə Azərbaycandır.  
 
Xəzər dənizinin qərb sahilində yerləşən və İran, Ermənistan, Gürcüstan və Rusiyayla sərhədi olan Azərbaycandakı yəhudi icmasının kökü 2000 il əvvələ qədər uzanır. Bu dövr ərzində və hətta 1920-1991-ci illərdə Sovet İttifaqının tərkib hissəsi olan dövrlərdə belə Azərbaycan özünün azlıqlara olan toelrantlığı və açıqlığı ilə seçilib. 9 milyonluq ölkə əhalisinin 95 faizi müsəlmandır, burada təqribən 12.000 yəhudi yaşayır. 
 
Los Ancelesdən olan Sinai Məbədinin Azərbaycana səfər edən nümayəndə heyətinin üzvü kimi mən orada 6 sinaqoqu, həmçinin Yəhudi Günü Məktəbini və Yəhudi İcması Mərkəzini ziyarət etdim. Los Anceles və bir çox Avropa şəhərlərindən fərqli olaraq, Azərbaycandakı bu məkanlarda nə xüsusi təhlükəsizlik tədbirləri, nə polis, nə də şəxsi mühafizəçilər gördüm. Azəri yəhudiləri yarmulk geyinib küçələrdə qorxusuz və təhdidsiz gəzə bilirlər. 
 
Azərbaycan yəhudiləri dini və irqi ayrı-seçkiliyə məruz qalmadan ölkənin sosial və iqtisadi həyatında tam sərbəst iştirak edə bilirlər. Yəhudilər burada orta məktəb və universitetdə ödənişsiz təhsil ala bilirlər, yetər ki fərdlər öz qabiliyyətlərini və ambisiyalarını ortaya qoysunlar. Bizim deleqasiyamızın Azərbaycan Ali Məhkəməsinin yəhudi üzvü Tatyana Qoldmana ünvanladığı yəhudi mənşəyinin karyera və həyat tərzinə təsiri barədəki sualına belə cavab verdi: "Mən ümumiyyətlə bu barədə düşünmürəm. Məni işim maraqlandırır”. 
 
Azərbaycanda dövlət və din ayrıdır. Ancaq Multukulturalizm və Dini İşlər üzrə Dövlət Komitəsi vasitəsiylə dövlət məscidlərə, kilsələrə, sinaqoqlara, dini məktəblər və institutlara maliyyə yardımı edir, binaları təmir və restavrasiya edir. Müşhidələrimiz əsasında deyə bilərik, dövlət bu məsələdə kifayət qədər əli açıqdır, Bakıda və Qubada ziyarət etdiyimiz sinaqoqlar rahatlığı (hətta dəbdəbəsi) ilə seçilirdi.
 
Bakının şimal qərbində yerləşən dağlıq ərazidə yerləşən və müasir şosse ilə maşınla 2 saatlıq məsafədə yerləşən Qubada Qırmızı Qəsəbə adlı yəhudi qəsəbəsi var. Buranı 270 il əvvəl Türkiyədən və İrandan qaçan yəhudilər qurublar. Sovetlər dövründə bura Yəhudi kəndi kimi tanınırdı və 4000 min yəhudinin mövcud olduğu məlum idi, bura İsrailin xaricində yaşayan ən böyük yəhudi icmalarından biriydi. 
 
Qırmızı qəsəbənin mövcud olduğu region istirahət üçün ideal məkandır, təsadüfi deyil ki, çox sayda "Moskva yəhudisi”nin burada yerli yəhudilərin evlərindən fərqlənən dəbdəbəli yay evləri var. ("Moskva yəhudiləri” - Azərbaycandan pos-Sovet Rusiyasına köç edib orada biznes quran və varlanan yəhudilərə deyirlər.)
Azərbaycan nə qədər tolerant və açıq ölkə olsa da, problemlərdən də xali deyil, bu problemlər xüsusilə yaşlı, xəstə və əngəlli insanları narahat edir. Dövlətə, yaxud yəhudi icmasına bağlı olan sosial xidmətlər bütün ehtiyacları ödəyə bilmir. Yəhudi pediatr həkim Larissa Reyxrundel bu məsələdə yardımçı olmaq üçün "Azərbaycanın Yəhudi Qadınlarının İctimai Humanitar Təşkilatı”nın əsasını qoyub. Fərdi donorlardan, xüsusilə də neft şirkətlərindən yardım alan təşkilat ehtiyacı olan ahıllara, uşaqlara və qadınlara dini ayrı-seçkiliyə yola vermədən kömək edir. Həvəsli və enerjili Reyxrundel insanların ehtiyaclarını görür və bütün təşkilatı bu ehtiyacların ödənilməsinə yönləndirir. 
Radikal islamçıların törətdiyi bu ağır günlərdə və beynəlxalq medianın təqdim etdiyi boz və qorxunc fotoların fonunda müsəlman çoxluq ölkəsi olan Azərbaycan mənəvi yüksəlişdədir, nə qədər qəribə səslənsə də bu müsəlman ölkəsi təhlükəli regional qonşuluqda yəhudilər üçün təhlükəsiz cənnəti xatırladır.

08:28 01.05.2017
Xəbər lenti
Bütün xəbərlər