KANAL24.AZ
Az Iw En Ru

Dünyanın məşhur telekommunikasiya operatorları Azərbaycan bazarına cəlb olunacaq

Coğrafi məkan baxımından Avropa ilə Asiyanı birləşdirən, Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan əlverişli tranzit imkanlarından faydalanmaq niyyətindədir. Data Mərkəzin yaradılması ilə Azərbaycan Şərqlə Qərb arasında tranzit informasiya HAB-ına çevriləcək.

Kanal24.az xəbər verir ki, bu barədə AZƏRTAC-a məlumat verən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktor müavini Məzahim Quliyev qeyd edib ki, ölkəmizdə Tier III səviyyəli Məlumatların Emalı və Saxlanılması Mərkəzinin (MESM) mövcudluğu regional bazarda marağı olan beynəlxalq operatorlar, o cümlədən ABŞ, Fransa, Almaniyanın tanınmış telekommunikasiya operatorları üçün səmərəli şərait yaradacaq. “Eyni zamanda, regional mərkəz bütün dünya operatorlarının Azərbaycan bazarına cəlbinə xidmət edəcək və dünya üzrə iri İT xidmətləri provayderlərinin bizim Data mərkəzdə öz infrastrukturunun yaradılmasına müsbət təsir edəcək. Bundan başqa, Data mərkəzin bank və digər maliyyə qurumları tərəfindən istifadə olunması üçün tələb olunan PCİ DSS standartı da tətbiq olunacaq. Hər Data mərkəz maliyyə tranzaksiyalarının uğurla aparılması üçün zəruri olan bu tələblərə cavab vermək iqtidarında olmur”, - deyə o qeyd edib.

Məzahim Quliyev mərkəzdə göstəriləcək xidmətlər haqqında da məlumat verib: “Data mərkəzdə göstərəcəyimiz xidmət növlərindən biri “Birgə yerləşmə” (“Colocation”) adlanır. Bu, müştərinin serverinin Data mərkəz ərazisində müəyyən haqq müqabilində yerləşməsidir. Həmin məbləğ enerji istifadəsindən, yerləşdirilən avadanlıqların istilik verməsindən, avadanlıqlara qoşulan ötürülmə kanalların ötürmə qabiliyyətindən, habelə rəflərin ölçü və çəkisindən asılıdır. Biz, həmçinin bəzi hallarda öz serverimizi də təklif edə bilərik. Bu isə bir başqa xidmətdir və “Dedicated adlanır. Bir qayda olaraq, bu zaman texnoloji sahənin bir hissəsi ciddi daxili təhlükəsizlik normalarına malik olan xüsusi müştərilər, maliyyə şirkətləri üçün ayrılır. Bu halda, Data mərkəz rabitə kanalları, enerji təminatı, soyutma və təhlükəsizlik sistemi təmin edən bir zona kimi çıxış edir, müştəri isə bu zonanın daxilində öz Data mərkəzini qurur”.


18:40 26.03.2015
Xəbər lenti
Bütün xəbərlər