KANAL24.AZ
Az Iw En Ru

Bu il Balakəndə 520 hektar sahədə tütün yetişdiriləcək

Bu il Balakən rayonunun təsərrüfatlarında 520 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Cari mövsümdə balakənli fermerlər 242 hektar sahədə “Virciniya” növlü ətirli, 8 hektarda “Berley”, 270 hektar sahədə isə yerli tütün sortları yetişdirəcəklər. Bir neçə gündür ki, fermer təsərrüfatlarında tütün şitillərinin sahələrə köçürülməsi prosesinə başlanılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, ilk günlər təsərrüfatlarda 10 hektara yaxın sahəyə tütün şitilləri köçürülüb və bu iş sürətlə davam etdirilir.

Talalar kəndindən olan fermer Nurlan Əhmədov builki mövsümdə 39 hektar sahədə tütün yetişdirməyi qarşısına məqsəd qoyub. Püştətala kənd sakini Şamsu Bayramova isə ötən il olduğu kimi bu il də 5 hektar sahədə “Berley” növlü tütün əkməyi planlaşdırır. Gərəkli kəndindən olan fermer İslam Muradov əsasən qarğıdalı istehsalı ilə məşğul olsa da artıq ikinci ildir ki, tütün əkininə də maraq göstərir. Fermer cari mövsümdə 6 hektar sahədə tütün yetişdirəcək.

Ümumiyyətlə, son dövrlər ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, tütünün satış qiymətinin artırılması balakənli fermerlərin də bu gəlirli sahəyə marağının artmasına səbəb olub.

Qeyd edək ki, iyirmi illik fasilədən sonra ötən il Balakən rayonunda yenidən tütün yetişdirilməsinə başlanılıb. 2016-cı ildə rayonda 501 hektar sahədə tütün əkilib. Balakənli fermerlər keçən il 1150 ton yaşıl tütün kütləsi və 96,3 ton quru tütün istehsal ediblər.


20:23 12.04.2017
Xəbər lenti
Bütün xəbərlər