KANAL24.AZ
Az Iw En Ru

Anarın əmlakı üzərindən həbs götürüldü - Səbəb

“Qarant Holdinq" və "Qarant İnşaat Sənaye” MMC-ləri kredit müqavilələri üzrə borc öhdəliklərini tam icra etdiklərindən, hazırda “Paşa Bank” ASC ilə onlar arasında hər hansı məhkəmə çəkişməsi yoxdur.

Bu açıqlama ilə martın 27-də bankın Korporativ Kommunikasiyalar Departamentinin nümayəndəsi Əmir Məmmədov çıxış edib.

Xəbər verildiyi kimi, bu ilin yanvar ayında Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən “Paşa Bank”ın iddiası əsasında keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Bakıdakı bir sıra daşınmaz əmlakı üzərində həbs qoyulduğu məlum olmuşdu. Məhkəmənin çıxardığı qərardadda deyilirdi ki, Anar Məmmədov həmin əmlakı girov qoyaraq bankdan kredit götürüb. Bu kredit faizləri ilə birlikdə 1 milyon 141 min manat təşkil edir. Kredit ödənilmədiyinə görə bank Anar Məmmədovu və onun şirkətlərini məhkəməyə verib, əmlakın üzərinə həbs qoyulması barədə qərar çıxarılıb

Qərara əsasən, cavabdehlər "Qarant İnşaat Sənaye" MMC, "Qarant Holdinq" MMC, "Azpod" MMC və Anar Ziya oğlu Məmmədova məxsus bir neçə əmlaka (Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllədə yerləşən müəssisə (eyni zamanda əmlak kompleksi), Nərimanov rayonu, İslam Abışov küçəsi, 5A ünvanında yerləşən qeyri-yaşayış binası və Anar Məmmədovun mülkiyyətindəki Nərimanov rayonu, Məmməd Araz küçəsi, 25V, giriş 5 ünvanında yerləşən 9 saylı qeyri-yaşayış sahəsi) həbs qoyulmuşdu.

Bu məsələnin Azadlıq radiosu tərəfindən ictimailəşdirilməsindən sonra bankın yaydığı açıqlamada deyilir ki, məsələ hüquq normaları çərçivəsində və qanunun aliliyi şəraitində, tərəflərin qarşılıqlı anlaşmasına əsasən öz həllini tapıb. Kredit öhdəlikləri icra edildikdən sonra "Paşa Bank" ASC ipoteka predmetləri üzərinə qoyulmuş həbsin və məhkəmə qaydasında görülmüş mühafizə tədbirlərinin götürülməsinə, eyni zamanda, iddia ərizələrinin baxılmamış saxlanılmasına dair ərizələrlə məhkəmələrə müraciət edib. Bankın "Qarant Holdinq" MMC, "Qarant İnşaat Sənaye” MMC və holdinqə daxil digər şirkətlərə qarşı iddiasına Abşeron Rayon Məhkəməsində və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb.


06:58 28.03.2017
Xəbər lenti
Bütün xəbərlər