KANAL24.AZ
Az Iw En Ru

Prezident bütün qüvvələri Qarabağa yönəldir

“Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmək üçün özünün bütün hərbi arsenalını istifadə etməyə hazırdır”.

Bu açıqlamanı Ermənistan prezidenti Serj Sarkisyan ölkənin diplomatik korpusunun nümayəndələri ilə görüşündə deyib. Serj Sarkisyan münaqişə zonasında yaranmış vəziyyətə görə məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışıb. O, Ermənistanın guya müharibə istəmədiyini rəsmi Bakının isə gərginliyi artırmaqda maraqlı olduğunu deyib. 

“Əgər Azərbaycan vəziyyəti gərginiləşdirməkdə davam edəcəksə və müharibə həddinə çatdıracaqsa, biz həmin saniyədə tərəddüd etmədən bütün hərbi arsenalımızı Artsaxın (Dağlıq Qarabağı nəzərdə tutur- red.) təhlükəsizliyi naminə istifadə edəcəyik. Bu gün erməni əsgəri bölgəni saxlayan yeganə amildir. O, nəyin naminə mübarizə apardığını və hansı vəzifəni həll etdiyini yaxşı dərk edir”- deyə prezident Sarkisyan Azərbaycana hədə-qorxu gəlib. Ermənistan-Azərbaycan cəbhə xəttində gərginliyin artması fonunda Serj Sarkisyanın qeyd edilən bəyanatla çıxış etməsi biz neçə amillə izah oluna bilər.

İlk növbədə, S.Sarkisyanın Azərbaycanı təhdid edən sözləri erməni ictimai rəyinə təsir etməyə yönəlib. Çünki mart ayının 5-də Ermənistanda parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası start götürəcək. Bu ərəfədə Ermənistandakı siyasi partiyaların və blokların liderləri tərəfindən verilən bəyanatlar Dağlıq Qarabağ məsələsinin seçki prosesinə təsirinin yüksək olacağını göstərir. Ermənistan hakimiyyəti cəbhə xəttində hərbi təxribatlar törətməklə, Azərbaycana qarşı siyasi ittihamlar yağdırmaqla və Dağlıq Qarabağın müstəqilliyinin dünya birliyi tərəfindən tanınacağına dair vədlər verməklə ictimai rəyi öz xeyrinə dəyişməyə çalışır.

Müxalifət isə Ermənistan hakimiyyətini nə hərbi, nə də diplomatik müstəvidə qalib gələ bilmədiyinə görə, ölkəni təhlükəyə atmaqda qınayır. Xüsusilə də ötən ilin aprel ayındakı döyüşlərdə baş vermiş məğlubiyyət müxalifətə Serj Sarkisyanı və hakim Respublika Partiyasını xəyanətkar adlandırmaq üçün ciddi arqument verib. Ona görə də seçkilər öncəsi Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha sərt addımlar atacağı gözlənilən idi. Son günlər qoşunların təmas xəttində ağır silahlardan istifadə olunmaqla atəşkəsin pozulması məhz Ermənistan Respublika Partiyasının ictimai rəydə siyasi reytinq toplamasına hesablanıb. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın da bu günlərdə Xankəndinə gələrək 2017-ci ilin sonuna qədər Dağlıq Qarabağın bir ölkə tərəfinfən müstəqil dövlət kimi tanınacağına dair vəd verməsi rəsmi İrəvanın bu məsələdə separatçı rejimdən dəstək istədiyini göstərir.

Seçkilər ərəfəsində Ermənistanda baş verən bir sıra siyasi hadisələr hakim Qarabağ klanında siyasi ziddiyyətlərin meydana çıxması ilə müşahidə olunur. Sabir müdafiə naiziri və Qarabağ ermənilərinin əsas liderlərindən biri hesab olunan Seyran Ohanyanın müxalifətə keçməsi, eyni zamanda son günlər baş nazir, Əsgəran rayonunda anadan olmuş Karen Karapetyanla prezident arasında fikir ayrılığının dərinləşməsi Serj Sarkisyanın siyasi mövqelərini xeyli laxladıb. Karen Karapetyanın Ermənistanın eks-prezidenti Robert Koçaryana qohum olduğu bildirilir. Bu səbəbdən, S. Sarkisyan Xankənindəki separatçı rejimin köməyilə Qarabağ klanının dəstəyini əldə etməyə çalışır. Eyni zamanda, prezident Sarkisyanın seçki kampaniyasından iki gün öncə diplomatik korpusu yığması Ermənistan hakimiyyətinin cəbhə xətti ilə yanaşı, xarici siyasətdə də fəallığı artırmaq niyyətindən xəbər verir. Ancaq Sarkisyanın diplomatlarla görüşünün yalnız Dağlıq Qarabağ problemi ilə bağlı olduğunu iddia etmək olmaz.

Hazırkı şəraitdə Errmənistan hakimiyyətinin xaricdəki erməni diasporunun və Cənubi Qafqazda marağı olan dövlətlərin siyasi dəstəyinə ciddi ehtiyacı yaranıb. Ötən həftə Brüsseldə bir sıra görüşlər keçirən S.Sarkisyanın martın ortalarında Rusiyaya gözlənilən səfər proqramı bunu bir daha sübut edir. Prezident Sarkisyanın sərt ritorikasında Ermənistanın Azərbaycanı açıq müharibə ilə hədələməsi diqqəti cəlb edir.

Qeyd edək ki, Ermənistan indiyə qədər Azərbaycan torpaqlarını işğal etmədiyini, Dağlıq Qarabağ ermənilərinin guya milli-azadlıq mübarizəsi apardığını iddia edib. Hətta cəbhə xəttində atəşkəsin pozulduğu hallarda belə, rəsmi İrəvan özünü müdafiə olunan tərəf kimi təqdim etməyə çalışıb. Ancaq indi Serj Sarkisyan Azərbaycanı hücumla hədələməklə Ermənistanın Dağlıq Qarabağı və digər əraziləri işğal etdiyini rəsmən etiraf edir. Çox güman ki, prezidenti Sarkisyan “bütün hərbi arsenal”-deməklə Ermənistanın Rusiyadan aldığı “İskəndər” raketlərinə işarə edir. O, lazım gələrsə, Azərbaycana qarşı “İskəndər” raketləri kimi ağır silahlardan və Ermənistan Rusiya ilə birlikdə yaratdığı vahid qoşun birləşmələrindən istifadə etməklə vuracağı ilə təhdid edir.

Çünki ikitərəfli müqaviləyə görə, müharibə şəraitində vahid qoşun birləşmələri Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin idarəçiliyinə keçir. Bununla da Ermənistan hakimiyyəti vəziyyətin Rusiyanın müdaxiləsinə ehtiyacı olduğuna dair görüntü yaratmağa çalışır. Serj Sarkisyanın Moskvaya səfəri öncəsi belə bir bəyanat verməsi təsadüfi sayıla bilməz. Ancaq Dağlıq Qarabağda mövcud status-kvonun saxlanılmasında maraqlı olan Rusiyanın irimiqyaslı hərbi əməliyyatlara dəstək verəcəyi real görünmür. Çünki Azərbaycanın hərbi arsenalının Ermənistandan bir neçə dəfə güclü olduğundan işğalçı tərəfin bu əməliyyatda məğlub olmayacağına heç bir təminat yoxdur. Bu isə status-kvonun pozulması deməkdir. 


21:19 04.03.2017
Xəbər lenti
Bütün xəbərlər