KANAL24.AZ
Az Iw En Ru

İranın nüvə proqramına dair cari ilin ilk hesabatı açıqlanıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (İAEA) İranın nüvə proqramı haqqında növbəti hesabatı dərc olunub. Agentliyin mütəxəssisləri tərəfindən cari ildə hazırlanan ilk hesabatda deyilir ki, hazırda İran hökuməti 101,7 kiloqram uran ehtiyatına malikdir və bu, beynəlxalq normalara tam uyğundur. Hesabat müəllifləri bildiriblər ki, apardıqları monitorinq nəticəsində İranın uran və plutoni maddələrini artırmaq və ya zənginləşdirmək cəhdləri müşahidə edilməyib.

İran 2004-cü ildə nüvə tədqiqatlarına başladıqdan sonra Qərb ölkələri Tehranı nüvə silahı hazırlamaqda ittiham edərək iqtisadi sanksiyalar tətbiq etdilər. İran isə nüvə tədqiqatlarının elmi məqsədlər üçün aparıldığını iddia edirdi. Tərəflər 2006-cı ildən danışıqlar aparmağa başladılar. Qarşılıqlı ittihamlar və tez-tez dayandırılan danışıqlar prosesi 2015-ci il iyulun 14-də Vyanada İran və “altılıq” (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) ölkələri arasında İranın nüvə proqramının məhdudlaşdırılmasına dair sənədin imzalanması ilə nəticələndi. Razılaşmaya əsasən İran öhdəlik götürdü ki, 15 il müddətində 300 kiloqramdan artıq zənginləşdirilmiş uran saxlamayacaq və plutoni maddəsi istehsal etməyəcək. Bütün nüvə müəssisələrini dinc məqsədlər üçün istifadə edəcək. İranın bu öhdəlikləri yerinə yetirməsinə isə nəzarəti İAEA həyata keçirəcək. Bu beynəlxalq təşkilat 25 il müddətində nəzarət funksiyasını həyata keçirərək hesabatlar təqdim etməlidir.

Razılaşmadan sonra ABŞ və Avropa İttifaqı İrana qarşı tətbiq etdikləri sanksiyaların böyük bir hissəsini aradan qaldırdılar. Lakin ötən ilin noyabrında Donald Tramp ABŞ Prezidenti seçiləndən sonra İran ilə anlaşmanı Vaşinqton üçün uğursuz adlandıraraq bu razılığa yenidən baxmaq istəyində olduğunu bəyan etdi. Beynəlxalq təşkilatın da qeyd etdiyi kimi, İran razılaşma üzrə bütün öhdəliklərə əməl etsə də, destruktiv mövqe ilə qarşılaşıb.(Rabil Kətanov)


19:15 25.02.2017
Xəbər lenti
Bütün xəbərlər