KANAL24.AZ
Az Iw En Ru

Bir fotoyla məşhurlaşan Nəcəf müəllim: "Uşaqları nağıl danışa-danışa məktəbə gətirirəm" - VİDEO - FOTO

Yardımlı rayonunun Dəlləkli kənd orta məktəbinin müəllimi Nəcəf Məhərrəmovun bütün ölkədə tanınmasına səbəb gördüyü nəcib və xeyirxah işi olub.

O, düz 21 ildir ki, qarlı, şaxtalı havalarda şagirdlərini məktəbə şəxsən özü aparıb-gətirir.

Nəcəf Məhərrəmov - müəllim: "Şagirdlər kəndin aşağı tərəfindən gəlirlər. Mənim də evim məktəbə yaxın olduğu üçün 8-ə 15 dəqiqə qalmış uşaqları bizim evin yanından yığıb, oradan söhbət edərək, nağıllar danışaraq məktəbə gətirirəm".

Təsadüfən çəkilən bir şəkildən sonra isə Nəcəf müəllim çoxlarının rəğbətini qazanıb. Yardımlı rayonuna yağan 1 metr hündürlüyündə qarda cığır açaraq uşaqları məktəbə aparan müəllimin fotosu sosial şəbəkəyə yerləşdirilib. Beləliklə, Nəcəf Məhərrəmov özünün belə xəbəri olmadan bütün ölkədə tanınıb.

Müəllimi məşhurlaşdıran fotonun müəllifi isə Dəlləkli kənd sakini Sakit Ziyadovdur. O, bu fotonu təsadüfən çəkdiyini deyib.

Sakit Ziyadov - fotonun müəllifi: "Gözəl bir mənzərəylə qarşılaşdım. Nəcəf müəllim uşağın çantasını götürərək gəlir. Uşağın da əlindən tutaraq yeriməsinə köməklik edir. Eşitdim ki, müəllim deyir ki, uşaqlar, yol yoxdur. Mən yolu açıram, tələsməyin, siz arxamca gəlin. Nəcəf müəllimin xəbəri olmadan şəkli çəkdim".

 

Nəcəf müəllim deyir ki, şəkil paylaşılandan sonra ölkənin müxtəlif yerlərindən ona təşəkkür zəngləri gəlir. Bu nəcib işə görə ona minnətdarlıq edənlərin ardı-arası kəsilmir.

Şagirdlərinə yalnız təhsildə deyil, həyatda da cığır açan müəllimin tək arzusu təhsil verdiyi uşaqların gələcəkdə elmli, savadlı insanlar olmasıdır.

Videonu izləmək üçün şəklə klikləyin:

Bir fotoyla məşhurlaşan Nəcəf müəllim:


22:21 08.02.2017
Xəbər lenti
Bütün xəbərlər