KANAL24.AZ
Az Iw En Ru

Moskva küçələrində müharibə məşqi və tikilən nüvə sığınacaqları

Rusiyanın İctimai Rəyin Öyrənilməsi Mərkəzi (VSİOM) “qorxu indeksi” üzrə araşdırma aparıb.

“RİA-Novosti”yə istinadən xəbər veririk ki, mərkəz rusiyalıların əsas qorxularının əvvəlki kimi beynəlxalq münaqişələrin başlanması və qiymətlərin artması ilə bağlı olduğunu açıqlayıb.

Ötən ilin dekabrında 130 yaşayış məntəqəsində keçirilən sorğuda 1,6 min respondent iştirak edib.
Sorğuda iştirak edənlərin əksəriyyəti beynəlxalq münaqişələrin yaranmasından qorxduğunu gizlətməyib.
Bundan başqa, “qorxu indeksi”ndə qiymətlərin artması, gəlirlərin azalması, işsizlik, həmçinin, ölkə daxilində münaqişələrin yaranması məsələləri də yer alıb.
Rusiya ictimaiyyətinin beynəlxalq münaqişələrdən qorxması bunun baş verə biləcəyi ehtimalını da önə çıxarır. Çünki adətən qorxu daha çox gözlənilən təhlükələr haqqında olur.

Похожее изображение
Psixoloq Azad İsazadə açıqlamasında bildirib ki, keçirilən ictimai rəy müəyyən qədər şübhəlidir: “Mən belə araşdırmalara bir qədər ehtiyatla yanaşıram. Çünki bunun hansı təbəqə və kimlər arasında keçirildiyi dəqiq bilinmir. Ümumilikdə isə son illər ərzində Rusiyanın iştirakı ilə böyük münaqişənin baş verməsi gündəmdədir. Bu qorxu təkcə Rusiyada yox, onun qonşusu olan Cənubi Qafqazda da, Baltikyanı ölkələrdə də, Ukraynada da var. Rusiya telekanalları da el dili ilə desək, “qan-qan” deyir. Baltikyanı ölkələrə, Ukraynaya, həmçinin, Rusiyanın müttəfiqi olan Belarusa, Ermənistana, hətta Azərbaycana da sataşırlar. Rusiya ictimaiyyətində böyük münaqişənin ola biləcəyi qorxusu həqiqətən var. Lakin o da istisna deyil ki, rus ictimaiyyəti arasında militaristlər də var”.

A.İsazadə o ehtimalı da istisna etmir ki, belə sorğuların özü ictimai rəyi yönləndirməyə hesablanıb.

Картинки по запросу qabil hüseynli
Politoloq Qabil Hüseynli isə açıqlamasında Rusiya ictimaiyyətindəki qorxunun real olduğunu bildirib: “Qorbaçov kimi bir adam dünya müharibəsi təhlükəsindən danışır. Digər tərəfdən, Rusiyanın Moskva, Sankt-Peterburq kimi şəhərlərində yeraltı nüvə sığınacaqları tikirlər. Yaxud da nüvə sığınacaqlarını yenidən bərpa edib yararlı hala salırlar. Məlumatlara görə, indiyə qədər 30 milyon insanın sığışa biləcəyi sığınacaq istifadəyə verilib”.

Onun sözlərinə görə, Rusiya bütün bunlarla yanaşı, mütəmadi olaraq mülki müdafiə tədbirləri həyata keçirir.

“Bu tədbirlər zamanı insanlar zorla iş yerindən, yaxud evindən çıxarılaraq, toplanma məntəqələrinə gətirilir, nüvə partlayışı imitasiya olunur, yanğınsöndürənlər süni yaradılmış böyük yanğınları söndürürlər. Bu, müharibə şəraitinin bariz nümunəsidir. Bu baxımdan, rusların beynəlxalq münaqişələrdən qorxması təbii haldır. Putinə müxalif olan siyasətçilər də tez-tez Rusiyanın müharibəyə hazırlaşdığı haqqında siqnal verirlər. Baş verənlər faktiki olaraq, Rusiya torpağında nüvə müharibəsinə hazırlıqdır və bu hazırlıqda iştirak edən əhali arasında ciddi təşviş var”, - deyə politoloq diqqətə çatdırıb.(publika.az)


02:27 31.01.2017
Xəbər lenti
Bütün xəbərlər