KANAL24.AZ
Az Iw En Ru

İstanbul terroru noyabrda İŞİD tərəfindən elan edilib?

Yeni il gecəsi İstanbulun Ortaköy rayonunda yerləşən "Reina" adlı gecə klubunda qətliam törədildi. Terrorçunun AK-47 növ silahdan istifadə etməsi və hadisə yerindən qaçması hücumun "Kürd Fəhlə Partiyası" və ya "Kürd Azadlıq Şahinləri" tərəfindən təşkil olunması variantını gücləndirdi. Lakin bəzi amillər terrorçunun İŞİD-ə bağlı olduğunu sübut edir.

Əvvəla, silahın tuşlandığı şəxslər radikal qruplaşmalar tərəfindən "küfr" elan olunmuş Yeni il gecəsini qeyd edirdilər və "haram" sayılan alkoqollu içkilərdən istifadə edirdilər. Bundan əlavə, beynəlxalq mətbuatda bu teraktın analoqu kimi Orlando qətliamı yada salındı. Elə həmin hadisənin səbəbkarı da İŞİD-ə bağlı bir Əfqanıstan vətəndaşı idi.

Ötən gün Türkiyə mətbuatında hadisənin videogörüntüləri yayıldı. Videoya əsasən asanlıqla demək olar ki, terrorçu Mərkəzi Asiya regionundandır. Bu amil də terrorçunun İŞİD-ə bağlı "Özbək İslam Camaatı" və yaxud "Uyğur Camaatı"ndan olduğu məsələsini gündəmə gətirdi. Onu da qeyd etmək lazımdır ki, bir neçə ay öncə qondarma "İslam dövləti"nin "xəlifə"si Türkiyədəki "möminlərə" "kafirlərə" hücumla bağlı göstəriş veribmiş.

Ötən gecə isə sosial şəbəkələrdə yayılan fotolardan görünür ki, İŞİD noyabr ayında bu hadisənin anonsunu vermişdi. Belə ki, görüntülərdən birində fonda İstanbul boğazıdır və qarşısında əlində AK-47 növ silah olan terrorçu dayanıb. Digər fotoda isə əlisilahlı bir şəxs İstanbul Universitetinin giriş qapısının qarşısında görünür.

Bu görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra İstanbul Universitetinin rəhbərliyi dərhal təhlükəsizlik qüvvələrinə müraciət edərək tədbir görülməsini tələb edib. Çünki həmin gün universitetdə imtahan günü idi və təxminən 5000 tələbə ali məktəbdə olacaqdı.

İstanbul polisi hadisə ilə bağlı yüksək səviyyəli təhlükəsizlik tədbiri həyata keçirib. Belə ki, gün ərzində universitetin ətrafında və daxilində "SWAT" tipi polislər fəaliyyət göstərib və onları səmada helikopterlər müşayiət edib.

Həmin universitetdə təhsil alan azərbaycanlı tələbələrin sosial şəbəkələrdə yazdıqlarına əsasən, silahlı təhlükəsizlik xidmətləri əməkdaşları tələbələrin təkbaşına bir yerdən digər yerə getməsini məsləhət görməyiblər və onları gün ərzində müşayiət ediblər.

Nəticədə, dünən imtahan heç bir təhlükəsizlik problemi olmadan keçirilib. Lakin terrorçuların təhdidi nəzərə alınaraq, tədbirlərin davam etdiriləcəyi deyilir.

Məlumat üçün qeyd edək ki, İstanbul Universitetinin ərazisi Osmanlı Dövləti dövründə "Hərbiyyə Nazirliyi"nin binası olaraq fəaliyyət göstərib.


17:16 03.01.2017
Xəbər lenti
Bütün xəbərlər