KANAL24.AZ
Az Iw En Ru

Prezidentin falçı rəfiqəsinin qızı tutuldu

Danimarka polisi Cənubi Koreya prezidenti Pak Kın Xenin yaxın rəfiqəsi, korrupsiya qalmaqalında adı hallanan Çxve Sun Silin qızını həbs edib.

Bu haqda “Reuters” agentliyi bildirib.

Almaniyada məşq edən idmançı Çon Yu Ra ölkədə qanunsuz yaşadığı üçün Danimarkanın Olborq şəhərində həbs edilib. Cənubi Koreya prokurorluğundakı mənbə bildirib ki, ölkənin hüquq-mühafizə orqanları Çon Yu Ranın ekstradisiyası üçün Danimarka hakimiyyəti ilə işləyəcəklər. Onlar hesab edir ki, məsələ bir-iki həftə ərzində həll ediləcək.

Çon Yu Ra vətənində bir sıra cinayətlərin törədilməsində şübhəli bilinir. Cənubi Koreya hakimiyyəti onun olduğu yer və maliyyə aktivləri haqqında alman prokurorluğuna sorğu göndərib.

Qeyd edək ki, falçı olan Çxve Sun Sil prezident üzərində təsirindən istifadə edərək böyük şirkətlərdən pul alıb və şəxsi məqsədləri üçün istifadə edib. Söhbət onun yaratdığı iki qeyri-kommersiya fondu üçün 52 şirkətdən toplanmış 70 milyon dollar vəsaitdən gedir. Məlumatlar var ki, bu məqsədlə 7 iri şirkətin rəhbərinə məhz prezident şəxsən təzyiq göstərib.

Prezidentin keçmiş ikinci köməkçisi Çon Xo Sonq isə falçıya məxfi informasiyanın ötürülməsində ittiham edilir.

Xatırladaq ki, ölkə parlamenti dekabrın 9-da prezident barəsində impiçment qərarı verib. Konstitusiya məhkəməsi 180 gün ərzində qərarı ya təsdiq, ya da rədd etməlidir.

Çxve Sun Sil isə nəzarət altına alınıb.

 

 


18:30 02.01.2017
Xəbər lenti
Bütün xəbərlər