KANAL24.AZ
Az Iw En Ru

Meymun 2016-da dünyada "at oynatdı"

Geridə qoyduğumuz 2016-cı ildə dünyada baş verən əsas hadisələri təqdim edirik. 

06.01.2016 - Rusiyaya məxsus SU-24 qırıcı təyyarəsinin Türkiyənin F-16 qırıcısı tərəfindən havada vurulmasından sonra, iki ölkə arasında münasibətlər gərginləşdi. Rəsmi Moskva isə yanvarın 1-dən etibarən Türkiyə ilə vizasız rejimi dayandırdı.

07.01.2016  - Liviyanın paytaxtı Tripolinin  qərbində yerləşən Zliten şəhərində polis təlim mərkəzi yaxınlığında baş vermiş partlayış nəticəsində azı 40 nəfər həlak oldu, 100 nəfər isə yaralandı.

07.01.2016 - Səudiyyə Ərəbistanının Tehranda yerləşən səfirliyinə edilən hücumdan sonra Qətər İrandakı səfirini geri çağırdı.

Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər şiə din xadimi Nimr əl-Nimr də daxil olmaqla 47 nəfərin Səudiyyə Ərəbistanında edam edilməsindən sonra gərginləşmişdi. Nimr əl-Nimrin edam edilməsinə etiraz əlaməti olaraq, İranda Səudiyyə Ərəbistanı səfirliyinə hücum edildi. Bundan sonra Səudiyyə Ərəbistanı və Bəhreyn İranla diplomatik əlaqələri kəsdi. Bundan başqa, Küveyt də öz səfirini İrandan geri çağırdı. 

07.01.2016 - İŞİD ilk dəfə olaraq qadın jurnalisti edam etdi. 30 yaşlı jurnalist Ruqiyə Həsəni casusluqda ittiham edərək qətlə yetirildi. R. Həsən ötən ilin oktyabr ayından etibarən terrorçular tərəfindən qətlə yetirilən beşinci jurnalistdir.

23.01.2016 - ABŞ öz ərazisində yerləşən Rusiyaya məxsus altı fəxri konsulluqdan beşinin fəaliyyətini dayandırdı. Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Kaliforniya, Yuta, Minnesot, Florida və Porto Rikoda yerləşən Rusiya fəxri konsulluqlarının bağlanmasına sərt reaksiya göstərdi. Nazirlik bu məsələ ilə bağlı açıqlama verərək bildirdi ki, bu addım Rusiya ilə münasibətləri kəsməyə yönəlib.

04.02.2016 - ABŞ-ın 44-cü Prezidenti Barak Obama prezidentliyi dövründə ilk dəfə məscidə getdi. Keçmiş dövlət başçısı Merilend ştatının Baltimor şəhərində yerləşən məscidi ziyarəti zamanı buradakı İslam Cəmiyyətində müsəlman amerikalılarla görüşdü

11.02.2016 - İsrail Türkiyəyə təzminat ödəməyə razılıq verdi. Türkiyə və İsrail diplomatları arasında İsveçrədə baş tutan növbəti görüşdə tərəflər “Mavi Mərmərə” gəmisində həyatını itirənlərin ailələrinə təzminat ödənilməsi ilə bağlı məsələdə yekun razılaşmaya gəldilər.

13.02.2016 - Kubanın paytaxtı Havanada Roma Papası Fransisk və Rus Pravoslav Kilsəsinin rəhbəri, Moskva və bütün Rusiyanın patriarxı Kirill arasında görüş oldu. Bu, Rus Pravoslav və  Roma-Katolik kilsə rəhbərlərinin ilk görüşüdür.

19.03.2016 - Türkiyədə adı rüşvət qalmaqallarında hallanan iranlı iş adamı Rza Zərrab  ABŞ-da həbsedildi. Onunla birlikdə Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə adlı iki İran vətəndaşı da həbs olundu.

21.03.2016 - ABŞ prezidenti Kubaya tarixi səfər etdi.  ABŞ-la Kuba arasında diplomatik münasibətlər ötən ilin iyulunda yarıməsrlik fasilədən sonra bərpa olundu. Obama 88 ildən sonra Kubaya səfər edən ilk ABŞ prezidentidir. Obamanın 2014-cü ilin dekabr ayında Soyuq Müharibə dövrünün düşməni olan Kuba ilə diplomatik əlaqələrin bərpasına dair açıqlamasından sonra ölkələrin paytaxtlarında səfirliklər fəaliyyətə başladı. ABŞ Kubanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxardı.

22.03.2016 - Obama ilə Raul Kastronun tarixi görüşü. Havanada Kuba prezidenti Raul Kastro ilə ABŞ prezidenti Barak Obama arasında görüş keçirildi. Son 50 ildə ilk dəfə olaraq ABŞ və Kuba arasında sərnişin təyyarələrinin uçuşları bərpa edildi.

10.04.2016  - Hindistanın Kerala ştatındakı məbəddə yanğın nəticəsində 102 zəvvar öldü, 300-dən çox insan yaralandı. Məlumata görə, yanğına səbəb dini ayinlərin keçirilməsi zamanı fişənglərin partladılması olub.  

16.04.2016 - Ekvadorda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 646  nəfərə çatdı. Baş verən təbii fəlakət nəticəsində130 nəfər itkin düşmüş hesab edilir, 12,5 min nəfər müxtəlif dərəcəli xəsarət alıb. Xilasetmə işləri zamanı dağıntılar altından 113 nəfəri sağ çıxarmaq mümkün olub, 27 ölkə Ekvadora kömək göstərib.

22.05.2016 - Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yeni sədri seçildi. Binəli Yıldırım 1411 qurultay nümayəndəsindən 1405 nəfərin səsini alaraq partiyanın yeni sədri oldu. Qeyd edək ki, Binəli Yıldırım qurultayda partiyanın sədr postuna yeganə namizəd idi. 

03.06.2016 - Məşhur amerikalı boksçu Məhəmməd Əli 74 yaşında dünyasını dəyişdi. O, parkinson xəstəliyindən əziyyət çəkirdi. 

12.06.2016 - Amerikanın Orlando şəhərində seksual azlıqlar olan “Florida Pulse” gecə klubunda terror aktı törədildo. Faciə nəticəsində 50 nəfər öldü, 50-dən çox insan isə yaralandı. 

20.06.2016 - Virginiya Raggi paytaxt Romanın ilk qadın meri seçildi. Siyasətə yeni addım atan 37 yaşlı vəkil Raggi təcrübəsizliyinə baxmayaraq, iqtidarda olan Demokratik Partiyanın namizədi Roberto Giachettiyə qalib gəlməyi  bacardı.

24.06.2016 - “Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” solçu radikal təşkilatı (FARC) və Kolumbiya hökuməti arasında 50 ildən çox davam etmiş müharibədən sonra  atəşkəsə dair tarixi sülh sazişi imzalandı-.  

28.06.2016 - İstanbulun Atatürk hava limanında ardıcıl iki güclü partlayış baş verdi. Hadisə nəticəsində 44 nəfər öldü, 237 nəfər isə yaralandı.

30.06.2016 - Rusiya prezidenti Vladimir Putin 2015-ci ilin noyabrında Türkiyəyə qarşı tətbiq edilən məhdudiyyətlərin ləğvi barədə fərman imzaladı.

14.07.2016 - Tereza Meyin iyulun 13-də Böyük Britaniyanın baş naziri təyin olunmasından sonra hökumətdə bir sıra dəyişikliklər oldu.

14.07.2016 - Fransada terror aktı törədildi. Nəticədə 84 nəfər öldü, 100-dən çox insan yaralandı.  

Qeyd edək ki, Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda “Bastiliya qalasının alınması” bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılmışdı.  

15.07.2016 - Türkiyədə hərbi çevrilişə cəhd oldu. Dövlət çevrilişinə cəhd zamanı 290 nəfər öldü, 1400 nəfər yaralandı. Lakin çevriliş baş tutmadı. 

21.07.2016 - Türkiyədə 3 aylıq fövqəladə vəziyyət elan edildi. Türkiyə prezidenti bildirdi ki, fövqəladə vəziyyət elan etməkdə məqsəd hüquq və azadlıqları məhdudlaşdırmaq deyil, əksinə, hüquq və azadlıqları qorumaqdır.

20.08.2016 - Nyu-Yorkda ABŞ-ın məhşur Azadlıq heykəlini ildırım vurdu.

21.08.2016 - Türkiyənin Suriya ilə sərhəddə yerləşən Qaziantep şəhərində toy mərasimində törədilən partlayış nəticəsində 50 nəfərə öldü. Xeyli sayda insan yaralandı.

23.08.2016 - İtaliyada güclü zəlzələ oldu. Hadisə nəticəsində 250 nəfər öldü, 365 nəfər yaralandı. 

24.08. 2016 - Türkiyə Silahlı Qüvvələrinin bölmələri Suriyanın Cerablus bölgəsini İŞİD-dən təmizləmək üçün  “Fərat Qalxanı” əməliyyatına start verdi.

24.08.2016 - Dünyanın ən böyük hava gəmisi "Airlander 10" İngiltərədə qəzaya uğradı. Hava gəmisinin uzunluğu 92 metr idi. Onun hazırlanmasına Britaniya hökuməti təqribən 3,7 milyon dollar vəsait sərf etmişdi. 

02.09.2016 - Özbəkistan prezidenti İslam Kərimov vəfat etdi. İslam Abduqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə doğulub. 1989-cu ildə Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi seçilib, sonra Özbəkistan SSR-in prezidenti, SSRİ dağıldıqdan sonra isə müstəqil Özbəkistanın prezidenti olub. 

09.09.2016 - "Əl-Nüsrə Cəbhəsi"nin Suriyadakı lideri öldürüldü. "Əl-Qaidə"yə bağlı Suriya qruplaşmasının bu ölkədəki hərbi komandiri hava zərbəsi nəticəsində qətlə yetirilib.

09.09.2016 - Benində zibillikdə baş verən partlayış nəticəsində 100-ə yaxın insan həlak oldü, 200 nəfər xəsarət aldı. 

28.09.2016 - İsrailin sabiq prezidenti Şimon Peres sentyabrın 28-nə keçən 94 yaşında vəfat etdi.  Belarusda anadan olmuş Şimon Peres iki dəfə İsrailə rəhbərlik edib. Şimon Peres (həmçinin İsrailin o zamankı prezidenti İtshak Rabin və Fələstin lideri Yasir Ərəfat) 1993-cü ildə Nobel sülh mükafatına layiq görülüb.  

03.10.2016  - Estoniyada ilk dəfə prezident vəzifəsinə qadın seçildi .Kersti Kalyulayd parlamentdə keçirilən səsvermə zamanı 81 deputatın dəstəyini qazandı. Seçki zamanı onun alternativi yox idi.

06.10.2016 - Slovakiyanın ilk prezidenti vəfat etdi. Slovakiya Respublikasının 1993-1998-ci illərdə ali dövlət vəzifəsini tutmuş birinci prezidenti Mixal Kovaç oktyabrın 5-i Bratislavada vəfat erdi.

Qeyd edək ki, 87 yaşlı Mixal Kovaç uzun müddət idi parkinson xəstəliyindən əziyyət çəkirdi. 

06.10.2016 - Haiti adasında “Metyu” qasırğası baş verdi. Qasırğa nəticəsində yüzlərlə insanın həyatını itirməsi ilə əlaqədar  ölkədə 3 günlük matəm elan edildi. Təbii fəlakətlə əlaqədar oktyabrın 9-na  təyin edilmiş prezident və parlament seçkiləri  təxirə salındı. Dağıdıcı qasırğadan sonra Haitidə vəba xəstəliyi sürətlə yayılmağa başladı.

Qeyd edək ki, “Metyu” qasırğası Atlantik okeanda 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğa sayılır.  

13.10.2016 - Tayland kralı Bhumibol Adulyadej vəfat etdi.  Xatırladaq ki, B.Adulyadej 1946-cı ildən Tailanda rəhbərlik edirdi.

13.10.2016 - BMT-nin yeni baş katibi seçildi. Yeni baş katib portuqaliyalı siyasətçi Antoniu Qutterişdir. O, vəzifəsinin icrasına yanvarın 1-dən başlayacaq və 2021-ci il dekabrın 31-nə kimi bu vəzifədə qalacaq. 

24.10.2016 - Qətər əmiri  Xəlifə bin Xamad əl-Tani 85 yaşında dünyasını dəyişdi. Ölkədə 3 günlük matəm elan olundu. Xatırladaq ki, Əmir Xəlifə bin Xamad əl-Tani 1972-ci ildən 1995-ci ilə kimi ölkəni idarə edib.

27.10.2016 - Yaponiya şahzadəsi vəfat etdi. Yaponiya imperatoru Akihitonun əmisi, şahzadə Mikasa 101 yaşında dünya ilə vidalaşıb.

31.10.2016 - Salvadorun sabiq prezidenti həbs edildi. Sabiq prezident Toni Saka qanunsuz yolla varlanmaqda və çirkli pulların yuyulmasında təqsirli bilinib. Saka idman radiosunun sabiq aparıcısı olub və 2004-2009-cu illər arası Millətçi Respublikaçı Alyans Partiyasından namizəd kimi seçkiyə qatılıb və prezident vəzifəsinə seçilib.

14.11.2016 - Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda Moldova Respublikasının Sosialist Partiyasının (MRSP) lideri İqor Dodon qalib gəldi.

14.11.2016 - Bolqarıstanda yeni prezidenti seçildi. Prezident seçkilərinin ikinci turunda Bolqarıstan Sosialist Partiyasının üzvü, Hərbi Hava Qüvvələrinin sabiq komandanı Rumen Radev qalib gəldi.

26.11.2016 - Kuba inqilabının lideri Fidel Kastro 90 yaşında vəfat etdi. İnqilabçı, dövlət, siyasət və partiya xadimi olan Fidel Kastro 1959 -2011-ci illərdə Kubaya rəhbərlik edib.

28.11.2016 - Səudiyyə Ərəbistanına qar yağdı.  Səudiyyə Ərəbistanının şərqində və mərkəzində havanın temperaturu sıfır dərəcədən aşağı düşdü. 

06.12.2016 - Fransanın yeni baş nazirinin adı məlum oldi. Fransa baş naziri postuna daxili işlər naziri Bernar Kaznev təyin olundu. 

11.12.2016 - İstanbulun mərkəzində, Beşiktaş rayonunda dəhşətli terror aktı törədildi. Nəticədə 38 nəfər öldü, 155 nəfər yaralandı.

19.12.2016 - Ankarada Rusiya səfirinə silahlı hücum edildi. Hadisə Ankara Müasir Sənət Mərkəzindənki sərginin açılışı zamanı baş verdi. 8 güllə yarsı alan Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun öldü.

25.12.16 - Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsi qəzaya uğradı. Təyyarədə 83 sərnişin və 8 heyət üzvü var idi. Onların hamısının həlak olduğu deyilir. Təyyarə Suriyanın Latakiya bölgəsinə uçurmuş. Layner havaya qalxdıqdan 20 dəqiqə sonra radarlardan itib. 

(ATV.az)


17:50 01.01.2017
Xəbər lenti
Bütün xəbərlər