KANAL24.AZ
Az Iw En Ru

Putinə yaxın şəxslər ermənilərə qarşı mübarizəyə qoşuldu

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) dekabrın 28-də keçirilən IV qurultayında yeni prezident, həmçinin, 10 vitse-prezident seçilib. ÜAK-ın vitse-prezidentləri arasında diqqət çəkən adlar TASS-ın direktor müavini, Azərbaycanın dostu Mixail Qusman və əslən Azərbaycandan olan yəhudi milyarder Qod Nisanovdur. Qusman Rusiya ictimai-siyasi həyatında, xüsusilə media sahəsində aktiv şəxslərdəndir. Qod Nisanov isə Rusiya biznes həyatında güclü mövqeyə malik olan şəxsdir. Bu iki şəxsin ÜAK-da təmsil olunması Rusiyada Azərbaycan maraqlarının qorunması baxımından əhəmiyyətlidir.

Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov  açıqlamasında bildirib ki, bu iki şəxsin ÜAK-da yüksək postda təmsil olunması doğru addımdır: “Qusman Rusiyada Azərbaycanın maraqlarını müdafiə edən şəxslərdəndir və həmişə bizim maraqlarımızı müdafiə edir.

Bir sıra məsələlərdə real mövqe sərgiləyir. Həm çıxışları, həm də fəaliyyəti ilə Azərbaycana dəstək verir. Qod Nisanov isə Azərbaycanda yəhudi icmasının nümayəndəsi olaraq, bizim maraqlarımızı lazımi səviyyədə qoruyur. Belə şəxslərin ÜAK-da təmsil olunması hər şeydən öncə Azərbaycan maraqlarının digər millətlər tərəfindən müdafiəsi baxımından vacibdir. Həmçinin, Rusiyada aktiv olan erməni diasporu qarşısında daha güclü mübarizə aparmaq üçün lazımdır”.

F.Sadıqov qeyd edib ki, ermənilər üçün Rusiyada işləmək daha asandır: “Çünki Ermənistan və Rusiya bir çox məsələlərdə eyni mövqe sərgiləyir. İstər beynəlxalq məsələlərdə, istər digər ölkələrə münasibətdə, istərsə də Dağlıq Qarabağ məsələsində bu belədir. Buna baxmayaraq, Azərbaycan diasporu Rusiyada daha aktiv olmalıdır. Lakin burada iki problem var: birincisi, bəzi hallarda zəif iş aparırıq, ikincisi, bir çox hallarda rus və erməni ekspertlər birləşərək bizə qarşı çıxırlar. Bu baxımdan, Qusman, Nisanov kimi şəxsləri Rusiyadakı işimizə cəlb etmək doğru addımdır”.

Politoloq Qabil Hüseynli də açıqlamasında adıçəkilən şəxslərin ÜAK-da fəaliyyətə başlamasına əhəmiyyətli hadisə adlandırıb.

“Bunu Rusiyadakı diaspor işimiz baxımından böyük hadisə adlandırıram. Qusman Azərbaycanın maraqlarından çıxış edən şəxsdir. O, hələ “Bakılı oğlanlar”da olan zamandan bu işi həyata keçirir. Həmçinin, Bakıda keçirilən humanitar forumlarda həmişə ekspert olaraq çıxış edir. Bu şəxsin ÜAK-da vitse-prezident olması vacib seçimdir”, - deyə o bildirib.

Q.Hüseynli əlavə edib ki, Qusman Rusiya prezidenti Vladimir Putinin də şəxsən tanıdığı, hörmət etdiyi publisistdir: “Eyni sözləri Qod Nisanov haqqında da deyə bilərik. Hər iki şəxs Putinə yaxın adamlar hesab olunur. Nisanov yəhudi olsa da, Rusiyada fəaliyyət göstərsə də, Azərbaycanı həmişə Vətən olaraq görüb. Bu şəxslərin ÜAK-da olması diaspor fəaliyyətimizə yeni stimul verir”.(publika.az)


00:46 30.12.2016
Xəbər lenti
Bütün xəbərlər