KANAL24.AZ
Az Iw En Ru

92 nəfərin öldüyü təyyarə qəzasında MÜƏMMA

Rusiya Müdafiə Nazirliyindən "Tu-154" təyyarəsinin qəzası ilə bağlı təhqiqatın gedişi barədə məlumat verilib. Məlumatda bildirilir ki, hava gəmisi kapitanının işlətdiyi bir ifadə göyərtədə "xüsusi vəziyyət" yaranmasından xəbər verir.

Bu barədə Rusiyanın NTV telekanalına istinadən xəbər veririk. 

"Hər şey qaydasında olub, amma komandirin səsləndirdiyi bir ifadənin təhlilindən belə görünür ki, təyyarədə "xüsusi vəziyyət" yaranıb və inkişaf edib. Cəmi 10 saniyə sürən radio danışığı hələlik bundan başqa heç nə demir", - deyə Rusiya Silahlı Qüvvələrində aviasiya uçuşlarının təhlükəsizliyi xidmətinin rəisi Sergey Baynetov bildirib. 

Baynetov, həmçinin qeyd edib ki, yığılan məlumatlar öyrənildikdən sonra qəza versiyalarının sayı 15-dən 7-dək azalıb. Komissiya bu nəticəyə gəlib ki, təyyarənin göyərtəsində partlayış baş verməyib. Amma terror aktı hələlik versiyalar siyahısından silinməyib.

Qeyd edək ki, dekabrın 25-də səhər saatlarında Soçidən havaya qalxan təyyarə uçuşun 7-ci dəqiqəsində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 92 nəfər, o cümlədən hərbçilər, Rusiya Federasiyası Ordusunun Akademik Mahnı və Rəqs Ansamblının 68 üzvü, Birinci Kanalın və NTV kanalının əməkdaşları da olub.

Hazırda axtarış-xilasetmə əməliyyatlarına 30-dan çox gəmi və kater, 3,5 min nəfər cəlb olunub. Axtarış zonası kvadratlara bölünüb, həm akvatoriya, həm də sahil xətti nəzərdən keçirilir.


23:57 29.12.2016
Xəbər lenti
Bütün xəbərlər