KANAL24.AZ
Az Iw En Ru

Azərbaycandan təklif alan futbolçu: "Düzgün seçim etməliyəm"

Monteneqro yığmasının futbolçusu Nemanya Miyuşkoviç Azərbaycandan təklif alıb.

Bu barədə yerli mətbuata açıqlamasında 24 yaşlı mərkəz müdafiəçisinin özü xəbər verib.  

Makedoniyanın "Vardar" klubu ilə 1 il 6 aylıq müqaviləsi qalan Miyuşkoviç rəhbərlikdən sözləşməyə xitam verilməsini xahiş edib. Yığma üzvü bunu az oyun praktikası ilə əlaqələndirib: "Bəzi nüanslar klub rəhbərliyindən əməkdaşlığı sona çatdırmaqla bağlı xahişimə gətirib çıxardı. Son vaxtlar komandada az oyun praktikası qazanırdım, bu isə məni qane etmirdi. Buna görə də yeni klub axtarmağa qərar verdim. Rəhbərlik qalmağımı və əsas heyətə düşmək uğrunda mübarizə aparmağımı istədi. Amma bunun fayda verməyəcəyini başa düşdüm. Fikrimcə, doğru qərar qəbul etmişəm".
 
Azərbaycan, Özbəkistan və Belarusdan təklif aldığını deyən, lakin klubların adlarını açıqlamayan Miyuşkoviç düzgün seçim etməli olduğunu bildirib: "24 yaşım var. Ağıllı davranmalı və karyeramı inkişaf etdirmək mənasında düzgün seçim etməliyəm. Təkliflər var. Düşünürəm ki, həmin ölkələrə getmək mənim üçün çox tezdi. Seçimimi yeni ilin ilk günlərində edəcəm".  
 
"Vardar"dan öncə, 2013-2015-ci illərdə "Rudar"ın formasını geyinmiş Miyuşkoviç bu ildən Monteneqro yığmasına çağırılır. O, millidə 1 oyun keçirib.


20:34 28.12.2016
Xəbər lenti
Bütün xəbərlər