KANAL24.AZ
Az Iw En Ru

Atasız doğulan və beşikdə danışan körpə

Allahın dinini təbliğ etməklə vəzifələnmiş peyğəmbərlər həm peyğəmbərlikdən əvvəl, həm də peyğəmbərlik zamanında böyük Yaradıcının xüsusi nəzarəti altında olmuş, yəni Allah-Təala tərəfindən qonunmuşlar.

Lazım gəldikdə onların ailələri də gözəl bir şəkildə Allah (c.c.) tərəfindən dəstəklənmişdir. Quranda qeyd olunan həzrət İsanın (ə) doğulması və anası həzrət Məryəmin ona münasibəti bu hadisələrə nümunədir. Həzrət Məryəm, Allahın güc və qüdrətinin bir əsəri olaraq, bakirə qız ikən oğlu İsaya hamilə qalmış və körpə İsa atasız dünyaya gəlmişdi. Böyük Yaradanın hazırladığı bir ssenari olaraq həzrət İsanın yenicə doğulduğu günlərdə beşikdə danışması hadisəsi o günlərdə millətinin içində çətin vəziyyətdə qalan anası Məryəmi töhmətdən qurtarmaqla birlikdə, gələcəkdə "İsa Allahın oğludur" iddiası ilə (əl-Bəqara, 2/116; əl-Maidə, 5/72-73) tövhid inancından uzaqlaşan xristianların bu batil iddialarını illər öncəsində çürütməyi hədəfləmişdi.

Quranda qeyd edildiyinə görə, həzrət Məryəm İmranın qızıdır. İmran ailəsi həzrət İbrahimin nəslindən gəlir. İmranın həyat yoldaşı qızı Məryəmə hamilə olduğunda, Allaha xidmət etmək üçün bətnindəki körpəsini nəzir etdiyini bildırmışdi. Məryəm dünyaya gələndə Allah-Təala tərəfindən ona baxmaq və onu qorumaq üçün Zəkəriyyə (ə) vəzifələndirilmişdi. Buna baxmayaraq, Məryəmin yemək-içmək kimi təməl ehtiyac maddələri möcüzəvi bir şəkildə Allah tərəfındən göndərilirdi. Kiçik yaşlarından etibarən Zəkəriyyənin (ə) məscidində ibadətlə məşğul olan həzrət Məryəm, Allahın özəl seçdiyi, ruhunu təmizlədiyi və qulluğuna dəvət etdiyi xüsusi qullarındandır (Ali-İmran, 3/42-43).

İnsanlardan uzaq, məsciddə xüsusi bir otaqda qalan həzrət Məryəmə Allah-Təala bir gün Cəbraili (ə) göndərdi. Həzrət Məryəm ona insan cildində görünən Cəbraildən qorxub, onu incitməsin deyə Allaha sığınır. Cəbrail (ə) məsələnin nə yerdə olduğunu izah edərək, Allahın elçisi olduğunu və onu bir övladla müjdələmək üçün gəldiyini bildirir. Bu zaman həzrət Məryəm heyrətlər içində "mənə insan əli dəymədi və mən namussuz biri də olmadığım halda mənim necə uşağım ola bilər?" deyə bağırdı. Cəbrail (ə) də bu fəryada belə cavab verdi:

"Bəli, elədir. Rəbbim buyurur: Bu, mənim üçün çox asandır. Onu insanlara möcüzə, dərgahımızdan mərhəmət olsun deyə belə təqdir etdik. Bu, əzəldən təqdir edilmiş bir hökmdür. " (Məryəm, 19/16-21; Ali-lmran, 3/45-47).

Beləliklə də, həzrət Məryəm həzrət İsaya hamilə qaldı. Əsl təhlükə də elə bundan sonra başladı, ətrafdakıların töhmətlə qarşılayacağı bu vəziyyəti necə izah edəcəkdi? Əlbəttə ki, bu, izahı olmayan bir vəziyyət idi. Buna görə o, artıq məsciddən ayrılıb, hər kəsdən uzaq bir yerə çəkilməyi seçdi (Məryəm 19/22). Təbii ki, əgər o, evli bir qadın olsaydı, bu çətinliklərə düşməyəcəkdi. Çünki evli bir qadın üçün hamilə qalmaq təbii hadisədir. Lakin həzrət Məryəm bakirə olduğu halda, Allah-Təalanın istəyi ilə bu hadisə baş verdi. Bu, İlahi bir yazı idi.

Cəmiyyətdən uzaq bir yerdə yaşayan həzrət Məryəm hamiləlik gunlərini orada davam etdirdi və doğuş sancıları başlayanda oradakı xurma ağacının altına girdi. Doğuş sancıları ilə birlikdə töhmət qorxuları da o qədər artdı ki, "kaş bundan əvvəl öləydim və unudulub getmiş olaydım" dedi. Bu zaman Cəbrail (ə) Allahın əmri ilə onun yanına gəldi və dedi:

"Kədərlənmə, Rəbbin sənin üçün (ayağının) altından bir irmaq axıtdı. Xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş xurma tökülsün! Ye-iç, gözün aydın olsun, Əgər (səndən bu uşaq barəsində soruşan) bir adam görəcək olsan, belə de: "Mən Rəhman üçün oruc (sükut orucu) tutmağı nəzir etmişəm, ona görə də bu gün heç kəslə danışmayacam!" (Məryəm, 19/23-26).

Bu ifadələr, hadisənin Allah-Təala (c.c.) tərəfındən idarə edildiyinə, yaşananların müqəddəs bir hadisə olduğuna, eyni zamanda həzrət Məryəmin yalqız olmadığına və Allah-Təala tərəfindən qorunduğuna işarə idi. Həm də elə bil ki, həzrət Məryəmə bu əmrlə "sən uşaqla əlaqəli ətrafdakılara bir şey deməyə, hesab verməyə borclu deyilsən, onlara cavab vermək vəzifəsi bizə aiddir" deyilirdi, təskinlik verilirdi. Beləliklə, Məryəm az da olsa sakitləşdi. Həzrət Məryəm bu mənəvi dəstəyi aldıqdan sonra qucağındakı körpə ilə öz tayfasının yanına gedə bilərdi. Elə də etdi. Lakın təəssüflər olsun ki, qorxduğu başına gəldi və tayfası onu çox pis qarşıladı. Dedilər: "Ey Məryəm! Sən çox pis iş tutdun! Ey Harunun bacısı! Sənin atan pis kişi, anan da zinakar deyildi (Məryəm, 19/27-28)  .

Bu zaman həzrət Məryəm işarə ilə körpəni göstərdi, yəni "nə baş verdiyini ondan soruşun". Adamlar: "Biz beşikdəki çağa ilə nə danışaq?" dedikləri zaman körpə İsa dil açıb belə dedi:

-Şübhəsiz, mən Allahın quluyam. (Rəbbim) mənə Kitab (İncili) verdi və məni peyğəmbər seçdi. Harada olursam olum, Rəbbim məni mübarək və fəzilətli qıldı. Yaşadığım müddətcə mənə namazı və zəkatı əmr etdi. O, məni həmçinin anama qarşı itaətkar qıldı. Məni zülmkar və asi eləmədi. Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim gün də Allahın salamı mənim üzərimə olsun!"

Göründüyü kimi, körpə İsa bu sözləri ilə anasını töhmətdən  qurtarmaqla yanaşı, özünün də Allah tərəfindən göndərilən bir peyğəmbər olduğunu elan etmiş oldu. Bu əsnada peyğəmbərlərin əmin-amanlıq içində olduqlarını, yəni salama layiq olduqlarını ifadə edərək, namaz, zəkat və ata-anaya hörmətin əhəmiyyətini də vurğuladı.

Beşikdəki İsanın sözlərindən sonra Cənabi-Haqq məsələnin məğzini bizə belə bildirir:

"Barəsində şübhəyə düşdükləri Məryəm oğlu İsa budur! Allaha (özü üçün) övlad götürmək yaraşmaz. O, pakdır, müqəddəsdir. O, hər hansı bir şeyi yaratmaq istədikdə ona yalnız: "Ol!" deyər, o da dərhal olar" (Məryəm, 19/34-35).

Allah-Təala bu ayələri ilə həzrət İsanın dünyaya atasız gəldiyini cəmiyyətin gözü önündə heç kimin inkar edə bilməyəcəyi bir şəkildə ortaya qoydu. Bu hadisə və ayə "İsa Allahın oğludur" iddiasının nə qədər böyük günah və yanlışlıq olduğunu gün kimi ortaya qoyur.


05:22 17.12.2016
Xəbər lenti
Bütün xəbərlər