KANAL24.AZ
Az Iw En Ru

Qəlb hüzuruna nail olmağın yolları

Keçən bəhsimizdə qəlb hüzuruna mane olan amillərdən birinin xəyal qüvvəsi olduğunu qeyd etmişdik. Doğurdan da bizi namaza başlayan andan xəyal aləminə aparan məhz bu qüvvədir və bu qüvvəyə qalib gəlməyin yolları ilə tanış olsaq yaxşı olar. Başqa sözlə desək, xəyal qüvvəsini tərbiyə etməyin yolları ilə tanış olaq.

Biz əvvəl gərək namazdan kənarda məşq edək və bir mövzu götürüb, onu fikirləşək və çalışaq ki, fikrimiz başqa yerə getməsin və xəyalımızı həmin mövzuya cəm edək, dağılmağa qoymayaq. Belə gedişlə yavaş-yavaş xəyalımızı bir yerdə tutmağa və onu saxlamağa nail ola biləcəyik ki, haraya iradə etsək, onu hərəkət etdirə biləcəyik.

Şeyx Təntavi öz təfsirində buyurur: "Mən bu əminliyə çatmışam ki, müəllimlər öz dərs metodlarında tələbələrin iradələrini gücləndirmək üçün onlara bəzi tapşırıqlar verirlər ki, bu tapşırıqlarda fikrin bir yerdə cəmləşdirilməsi və xəyalın dağılmasına imkan verilməməsi tövsiyə olunur. Yəni, fikilərini bir məsələdə cəmləşdirməlidirlər və eyni zamanda onlara bir neçə söz də öyrədilir ki, həmin sözləri bir neçə dəqiqə təkrar etmək lazımdır. Bundan başqa müəllimlər öz tələbələrinə göstəriş verirdilər ki, havanı ciyərlərinə çəkərək bir neçə dəqiqə onu xaric etməsinlər.

Bu təlimin içində həmçinin tələbələrə təlimat verilir ki, hər gün yarım saat otaqlarında var-gəl etsinlər və bir nəfəri xəyal etsinlər və guya onunla bir mövzu haqqında söhbət edirlər və çalışsınlar ki, diqqətləri yayınmasın və bu təlimin məqsədi iradənin gücləndirilməsidir ki, bu da bütün kəlmələrin başlanğıcıdır".

Yəni bir söz deməmişdən qabaq insan iradə edir və əgər iradəsi güclü olsa, istədiyi mövzu haqqında danışanda onun fikri başqa yerə getməz və nə dediyinə diqqət edər.

Bunun kimi təlimatlar psixoligiyada, hipnoz elmində çox saydadır və onların hamısının məqsədi insan əzminin və iradəsinin gücləndirilməsinə xidmət edir. Çünki bu zaman hər bir işi görmək çox rahat olur.

O kəslər ki, namaz zamanı xəyal qüvvələrini dağılmağa qoymaq istəmirlər, gündəlik həyat tərzində bu qüvvəni gücləndirməyə çalışmalıdırlar.

Bizim hər bir qüvvəmiz qidaya ehtiyac duyur. Xəyal qüvvəsini nizama salmaq üçün onu kontrol edən amillərdən istifadə edilir və bu yolda zikrin çox böyük rolu vardır. Zikr deməklə fikrini bəyənilmiş işlərə cəmləsən, xəyal qüvvəsini qidalandırmış olarsan. Bəyənilmiş işlərə meyl etmək: Allahı xatırlamaq, bütün işlərini Allaha yaxınlaşmaq niyyəti ilə etmək, elmi, etiqadi (tövhid, məad) və əməli məsələlər (yaxşı əxlaq və rəftarı kəsb etmək) haqqında təfəkkür etmək, öz rəftar və vəziyyətinə nəzarət etmək. O barədə fikirləşmək ki, bu əməllər ağıl, din, Allah rızası ilə nə qədər bağlıdır. Həmçinin, dünyanın gəldi-keçər olduğunu yada salmaq, özünün bu dünyada qonaq olduğunu xatırlamaq, xilqətin möcüzələrinə diqqət etmək, Allahın yaratdıqlarının qüdrət və nəzminə fikir vermək. Bütün bu misallar xəyal qüvvəsini kontrol edən amillərə kömək edir.

Əlbəttə, bəyənilmiş işlərə diqqət etmək hər bir insanın vəzifəsidir və heç bir dünyavi və təbii elmlərin əksinə deyildir. Çünki işin özü və elmin təhsili xəyal qüvvəsini kontrol edən amillərdəndir və ayrı-ayrılıqda kifayət deyildir. İslam istəyir ki, iş və təhsili ilahi niyyəti və hədəfi ilə həyata keçirəsən ki, axirətin də xeyirli olsun.

Namaz zamanı

Namaz zamanı xəyal qüvvəsini kontrol etməyin yollarından biri qərara almaqdır. Yəni, qərara alırsan ki, xəyal qüvvəsini namazda və ya namazın mənasında cəmləyəcəksən və hər zaman ki, ona kontrol etmək insan iradəsindən xaric olarsa, onu qaytara bilsin. Böyük ariflərdən biri bu barədə buyurur: "Ən öndə olan təriqət odur ki, insan namaz zamanı özünü hazırlaya ki, namaz zamanı xəyalını hifz edəcəkdir və onu əməldə həbs edə. Və əgər xəyal istəsə ki, insanın əlindən qaçsın - onu qaytarmalıdır və namazın hər bir hərəkətləri, zikrləri xəyal qüvvəsini duymaq və hiss etməyin vəziyyətinə uyğun olacaqdır və ona görə də bu vəziyyəti yoxlamalı və onu özbaşına buraxmamalıdır. Bu əməl əvvəlcə çox çətin görünür, ancaq bir müddətdən sonra əməl və diqqət mütləq ram olacaqdır və adət halını alacaqdır".

Bütün bunları elə ilk addımda bacaqmaq bir qədər çətin ola bilər, ona görə də elə lik namazda bütün bunları əldə edəcəyinizə ümid etməyin və həvəsdən düşməyin. Xəyal qüvvəsi daim uçmaq vəziyətindədir və onu ram etmək birdən alınmaya bilər. Nəzərə almaq lazımdır ki, bu proses tədrici prosesdir və onu səbirlə həyata keçirtmək lazımdır. Mümkündür ki, əvvəlcə namazın onda birində bu işi bacara biləcəksən və o qədər də qəlb hüzuru əldə edəcəksən və sonrakı namazlarda bu əmələ möhtac olduğunu dərk edib, daha yaxşı nəticələr əldə edə biləcəksən və yavaş-yavaş şeytana qalib gələcəksən.

Nəticədə onu deyə bilərik ki, xəyal qüvvəsi konrtol və tərbiyə oluna bilən bir qüvvədir və onu ram etmək üçün iradəmizi gücləndirməli, məşqlər etməli və mübarizə aparmalıyıq. Və bu təlimləri hər iki mərhələdə, yəni həm namazdan xaricdə, həm də namaz zamanı həyata keçirtmək lazımdır. Xəyal qüvvəsini namazdan kənarda kontrol edə bilsək, namaz zamanı da kontrol edə biləcəyik. Çünki qurbi ilahiyə yaxınlaşmağın yollarından biri də namazımızın qəlb hüzuru ilə qılınmasıdır və Allahı qəlb gözü ilə müşahidə etməyimizdir.


15:05 13.12.2016
Xəbər lenti
Bütün xəbərlər