KANAL24.AZ
Az Iw En Ru

İsteriyanın xalq təbabəti üsulları ilə müalicəsi

İsteriya – sinir-psixi xəstəlikdir, nevrozun növlərindən biridir, xüsusi psixikaya malik olan sağlam insanlarda yarana bilir.

İsteriya iki qrup simptomla özünü büruzə verir: isterik davranış və isterik tutma. Bəzi xəstələrdə sinir pozulması və xəstəlik əlamətləri bütün ömür boyu davam edir və tibdə buna isterik psixopatiya adı verilir.

Əlamətləri

Yüngül hallarda qıcıqlanma, səbəbsiz ağlağanlıq və ya eyforik gülüş, boğazda sıxılma və tənəffüsün çətinləşməsi, ürək döyüntülərinin artması kimi əlamətlər inkişaf edir. Daha ağır formada isteriya özünü ümumi qıcolma tutmaları və ya bədənin ayrı-ayrı hissələrinin iflici ilə göstərir. Bunlarla yanaşı xəstənin ümumi ruh halında da dəyişikliklər – həyəcan, qorxu, əsəbləşmə kimi hallar baş verir.

İsterik qıcolmaları epileptik statusdan ayırmaq önəmlidir, belə ki, epilepsiyadan fərqli olaraq isterik tutma zamanı xəstə huşunu tam itirmir, ətrafda olanları eşidir və anlayır, ayılanda baş verənləri xatırlayır. Adətən isterik bayılma gündüz vaxtı olur, bundan öncə xəstə olduqca həyəcanlı olur, rahat yerə yıxılır və bayıldığı zaman özünə qətiyyən heç bir bədən xəsarəti yetirmir. Qıcolma daha çox teatral-göstəriş xarakteri daşıyır, xəstənin tənəffüsü pozulmur, bəbəkləri işığı reaksiya verir, ağzından köpüklü ifrazat olmur. Ən nəzərəçarpan cəhət isə odur ki, ətrafdakılar xəstəyə nə qədər çox fikir versə isterik tutma bir o qədər uzun olur. Qıcolma dayandıqdan sonra epileptik turmadan fərqli olaraq xəstədə keyilik və yuxulama kimi əlamətlər müşahidə olunmur, o öz normal fəaliyyətini davam etdirə bilir.

İsterik tutma zamanı xəstənin yardıma ehtiyacı olur. Düzdür onu tutub saxlamaq lazım olmasa da sakit bir yerə keçirtmək, naşatır spirti iylətmək, ətrafında narahatlıq ab-havası yaratmamağa çalışmaq önəmlidir. Belə halda xəstə çox qısa müddətdə sakitləşir və tutma keçib gedir.

İsteriyanın xalq təbabəti üsulları ilə müalicəsi

- 1 xörək qaşığı astra çiçəkləri 1 stəkan qaynar suda dəmlənir, soyudulur və süzülür. Gündə 3-4 dəfə 1 xörək qaşığından qəbul edilir.

- 1 çay qaşığı cəbrayılotu kökü 1 stəkan qaynar suda dəmlənir, gündə 3-4 dəfə yarım stəkandan içilir. Cəbrayılotu dəmləməsini vanna şəklində də istifadə etmək olar. Bunun üçün vannaya 1 litr hazır dəmləmə əlavə etmək lazımdırş

- 2 xörək qaşığı qırmızı yemişan meyvələri xırdalanır və 1,5 stəkan qaynar suda dəmlənir. Soyuduqdan sonra dəmləmə süzülür və 3 hissəyə bölünərək yeməkdən yarım saat əvvəl içilir.

- 1 xörək qaşığı xırdalanmış pişikotu kökləri termosa tökülür, üzərinə 1 stəkan qaynar su əlavə olunur və bir gecə dəmlənir. Süzüldükdən sonra 1 xörək qaşığından gündə 3-4 dəfə içilir. İsterik tutma zamanı 1/3 stəkandan gündə 3 dəfə qəbul olunur. Pişikotu dəmləməsini 2 aydan artıq qəbul etmək tövsiyə olunmur.

- 10 qram qurudulmuş ivançay yarpaqları 1 stəkan qaynar suda 15 dəqiqə dəmlənir, 1 xörək qaşığından gündə 3 dəfə yeməkdən əvvəl qəbul olunur.

- 10 qram xırdalanmış başınağacı qabığı üzərinə 1 stəkan qaynar su əlavə olunur, yarım saat vam odda qaynadılır, soyuduqdan sonra süzülür və qaynadılmış soyuq su əlavə edərək həcmi 200 ml-ə çatdırılır. 1 xörək qaşığından gündə 3-4 dəfə yeməkdən əvvəl içilir.

- Dərman bədrənc (limonlu nanə) yarpaqlarından 1 xörək qaşığı götürülür və 1 stəkan qaynar suda dəmlənir, 2-3 dəfəyə içilir. Bədrənc otunu qara çayla əlavə etməklə də içmək olar.

- 1 xörək qaşığı istiotlu nanə yarpaqları 1 stəkan qaynar suda 5 dəqiqə vam odda qaynadılır, soyudulub süzüldükdən sonra səhər və axşam yarım stəkandan içilir.

- Novruzçiçəyi yarpaqları və köklərinin qarışığından 1 çay qaşığı 1 stəklan qaynar suda yarım saat dəmlənir, soyuduqdan sonra səhər və axşam 1/2 stəkandan içilir.

- Gündə 2-3 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı Nevronat şərbəti az miqdar su ilə həll edilir və qəbul olunur.

- 15 qram beşdilimli damotu otu 1 stəkan qaynar suda dəmlənir, süzüldükdən sonra 1 xörək qaşığından gündə 3-5 dəfə qəbul edilir. Damotunun təzə sıxılmış şirəsi də sakitləşdirici təsir göstərir. Onu 30-40 damcıdan gündə 1-2 dəfə qəbul etmək məsləhətdir.

- 1 dəstə topulqa otu su ilə dolu vedrəyə salınır və bir gecə saxlanır. Səhər otla birlikdə qaynadılır, soyudub süzdükdən sonra xəstə dəmləmə ilə yaxalanır.

- Ağ kələmin və ya yasəmənin yarpaqları şirəsi çıxana qədər əzilir və alın nahiyəsinə islatma kimi qoyulur.

- Gündə 2 dəfə səhər və günorta yeməkdən əvvəl 2 kapsul Nat-Sedativ qəbul edilir, yatmazdan əvvəl isə 2 filtr-bağlama Sedativ çay dəmlənərək içilir.

- 3 xörək qaşığı mayaotu qozası, hərəsindən 2 xörək qaşığı nanə və bədrənc yarpağı, 1 xörək qaşığı aptek çobanyastığı çiçəkləri ətçəkən maşından keçirilir, alınan qarışıqdan 3 xörək qaşığı 800 ml qaynar suda 20 dəqiqə dəmlənir. Soyudulduqdan sonra süzülür, yarım stəkandan gündə 3 dəfə yeməkdən əvvəl qəbul edilir.

- İsteriya zamanı təzə sıxılmış tərəvəz şirələri faydalıdır. 2 ədəd kiçik çuğundur və 1 ədəd yerkökü şirələri qarışdırılır, 4 xörək qaşığından gündə 3 dəfə yeməkdən yarım saat əvvəl içilir. Çuğundur şirəsinin əvəzinə xiyar şirəsi də içilə bilər

- Axşam yatmazdan qabaq 1 stəkan ilıq südə 1 çay qaşığı təbii bal əlavə edib içilir. Südlə balın qarışığı əsəbləri sakitləşdirir, yuxunu yaxşılaşdırır.

- Gündə 3 dəfə yeməkdən sonra 1 çay qaşığı arı südü dil altına qoyulur və əriyənə qədər ağızda saxlanır.

- 1 stəkan günəbaxan yağına 3 xörək qaşığı lavanda çiçəkləri, 1 xörək qaşığı ballı nanə yarpaqları əlavə olunur. 1 ay müddətində qaranlıq yerdə saxlanır və süzüldükdən sonra 2-3 xörək qaşığından gecə yatmazdan əvvəl qəbul olunur.

- Bibəriyyə (rozmarin), lavanda, zəncəfil, muskat qozunun efir yağları ilə qəbul edilən vanna da isteriyada yaxşı təsir göstərir.

 


20:22 10.12.2016
Xəbər lenti
Bütün xəbərlər